Accessibility links

Məhkəmə III Respublika Platformasının həmtəsisçisini həbsdə saxlayıb


Araz Əliyev
Araz Əliyev

Dekabrın 29-da Bakı Apellyasiya Məhkəməsi III Respublika Platformasının həmtəsisçisi Araz Əliyevin həbsilə bağlı şikayətini təmin etməyib.

Əliyev dekabrın 23-də saxlanılıb, ertəsi gün məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə 25 sutka həbs cəzasına məhkum edib.

“Əliyev məhkəmədə dedi ki, ona qarşı irəli sürülən hüquq pozuntularını törətməyib, saxlanılarkən özü fiziki təzyiqə məruz qalıb. Əliyev həmçinin məhkəmədə siyası fəliyyətinə görə həbs edildiyini dedi. Buna baxmayaraq, hakim şikayəti təmin etmədi,” vəkil Nemət Kərimli Amerikanın Səsinə bildirib.

Vəkil Əliyevin saxlanılma zamanı zorakılığa məruz qalması ilə bağlı prokurorluğa şikayət edib.

Kərimlinin sözlərinə görə, Araz Əliyevin Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanma məntəqəsində rəftardan şikayəti yoxdur.

III Respublika Platformasının spikeri Akif Qurbanov Amerikanın Səsinə bildirib ki, Əliyevin saxlanılması III Respublika Platformasının fəaliyyətilə bağlıdır.

7 dekabr 2023-cü ildə Azərbaycanda parlamentarizmin təsis olunmasının 105-ci ildönümündə bir qrup ictimai-siyasi şəxs tərəfindən III Respublika Platforması adlı siyasi təşkilat yaradılıb.

Forum

XS
SM
MD
LG