Pakistanın müvəqqəti baş naziri Ənvər-ül-Həq Kakar İsrailin Qəzza zolağında HƏMAS-ı darmadağın etmək üçün hərbi kampaniyasını davam etdirdiyi bir vaxtda fələstinlilərlə həmrəylik əlaməti olaraq Yeni il şənliklərinə ümummilli qadağa qoyulduğunu elan edib.
“Bütün Pakistan xalqı və müsəlman dünyası Qəzzada və İordan çayının qərb sahilində silahsız fələstinlilərin soyqırımına, xüsusilə də uşaqların qətliamına görə dərin kədər içindədir”, Kakar milli televiziya ilə çıxışında deyib.
"Fələstindəki son dərəcə narahatedici vəziyyəti nəzərə alaraq və fələstinli bacı və qardaşlarımızla həmrəyliyi ifadə etmək üçün Yeni il şənliyi ilə bağlı hər cür tədbirin təşkilinə tam ölkə miqyasında qadağa qoyulacaq", baş nazir bildirib.
Pakistan da daxil olmaqla, dünya miqyasında müsəlman ölkələri İsrailin amansız hərbi kampaniyasını kəskin tənqid edib və sonrakı humanitar böhranın həllinə yardım məqsədi ilə hərbi əməliyyatların dərhal dayandırılması çağırışlarını gücləndirib.
Qəzza zolağındakı 2,3 milyon əhali su, ərzaq, yanacaq və dərman çatışmazlığından əziyyət çəkir, əraziyə yalnız məhdud yardımlar daxil olur.
Kakar bildirib ki, İslamabad artıq Qəzzaya iki yardım partiyası göndərib və üçüncü partiya da tezliklə göndəriləcək.
HƏMAS-ın idarə etdiyi Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin hərbi hava hücumları və quru əməliyyatları oktyabrın 7-dən bu yana Qəzzanın geniş hissələrini xarabalığa çevirib və 21 mindən çox fələstinlini öldürüb.
Hücumlar HƏMAS-ın İsraillə sərhədi aşması və İsrailin cənubundakı icmalarına hücum etməsi nəticəsində 1200-ə yaxın adamın həlak olmasından sonra başlanıb. HƏMAS həmçinin 240-a yaxın girov götürüb, onlardan 129-u hələ də Qəzzada əsirdir.
İsrail ordusu 167 hərbçisinin öldürüldüyünü bildirib. Baş nazir Benyamin Netanyahu ABŞ və digər ölkələr tərəfindən terror təşkilatı kimi tanınan HƏMAS-ın məhv edilməsinə nail olunana qədər hərbi kampaniyanı davam etdirəcəyinə söz verib.
Pakistanın İsraillə diplomatik əlaqələri yoxdur və “yaşayış qabiliyyətli və müstəqil Fələstin dövləti” qurulana qədər onu suveren ölkə kimi tanımaqdan imtina edir.
Pakistanlılar yəhudi dövlətinə səfər edə bilməzlər, çünki onların pasportunda "İsrail istisna olmaqla, dünyanın bütün ölkələri üçün etibarlıdır" yazılıb.
Forum