Accessibility links

Yaponiyada zəlzələdən ölənlərin sayı 62-yə çatıb


Axtarış və xilasetmə qrupları ən azı 62 nəfərin ölümü ilə nəticələnən Yeni il günü Yaponiyanın qərb sahillərində baş verən güclü zəlzələdən sağ qalanları tapmaq üçün zamanla yarışır.

Yaponiya Meteorologiya Agentliyinin 7,6 bal gücündə olduğunu bildirdiyi zəlzələ nəticəsində dəymiş ziyanın böyük hissəsi Honsyu adasındakı İşikava prefekturasının payına düşüb. Onlarla ev və bina uçub, naməlum sayda insan dağıntılar altında qalıb. Yollar parçalara bölünüb və ən azı bir regional hava limanında uçuş-enmə zolağı çatlayıb, bu da fövqəladə hallar işçilərinin dəymiş ziyanı qiymətləndirməsini çətinləşdirib.

Zəlzələ bölgədə bir metrdən hündür olan sunami dalğalarına səbəb olub, avtomobillər və evlər dənizə düşüb. Zəlzələ çoxsaylı binaları məhv edən güclü yanğına səbəb olub.

Yanğınsöndürənlər bazar ertəsi gecə boyu yanğını nəzarət altına almaq üçün mübarizə aparıblar.

Yaponiyanın baş naziri Fumio Kişida çərşənbə axşamı hökumətin təbii fəlakət rəsmiləri ilə görüşü zamanı deyib ki, axtarış-xilasetmə qrupları İşikava prefekturasında dağıntılar altında qalan qurbanları xilas etmək üçün “zamanla mübarizə aparır”.

Yaponiya özünümüdafiə qüvvələrinin 1000-ə yaxın üzvü fəlakət zonalarına göndərilib. İşikavada 40 000-dən çox ev işıqsız qalıb.
ABŞ prezidenti Co Bayden Birləşmiş Ştatların əlindən gələn hər cür yardımı göstərəcəyini bildirib.

"Yaxın müttəfiqlər kimi ABŞ və Yaponiya xalqlarımızı birləşdirən dərin dostluq bağını bölüşürlər. Bu çətin dövrdə düşüncələrimiz yapon xalqının yanındadır", o, bəyanatında bildirib.

Bazar ertəsi baş verən zəlzələdən sonra bir neçə güclü zəlzələ qeydə alınıb və agentliyin dediyinə görə, növbəti bir neçə gün ərzində də davam edə bilər.

Hökumət sözçüsü bazar ertəsi baş verən zəlzələnin episentrinə yaxın atom elektrik stansiyalarının heç birinin işində pozuntunun qeydə alınmadığını bildirib.

Səlahiyyətlilər zəlzələnin episentrinə yaxın bəzi əsas magistral yolları bağlayıb və Tokio ilə İşikava arasında sürətli qatar xidmətləri saatlarla dayandırılıb, baxmayaraq ki, zəlzələ bölgəsində bəzi xidmətlər bazar ertəsi axşam saatlarında bərpa edilib.

Forum

XS
SM
MD
LG