Ukrayna Hərbi Hava Qüvvələri Rusiya qüvvələrinin keçən gecə Ukrayna ərazisinə 28 pilotsuz təyyarə və üç qanadlı raket atdığını, bazar günü hava hücumundan müdafiə sistemlərinin 21 dronu məhv etdiyini bildirib.
Ukrayna Hərbi Hava Qüvvələrinin bildirdiyinə görə, Rusiya əsasən Ukraynanın cənubunda və şərqində zərbələr endirməyə çalışıb.
“Düşmən hücumun diqqətini cəbhəyanı ərazilərə yönəldir - Xerson və Dnepropetrovsk vilayətləri pilotsuz təyyarələrlə hücuma məruz qalıb,” Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat milli televiziyaya müsahibəsində deyib.
Dnepropetrovsk vilayətinin rəsmiləri Telegram kanalında Dnepr şəhərində pilotsuz uçuş aparatlarının hücumu nəticəsində 12 nəfərin yaralandığını bildiriblər.
Onların sözlərinə görə, təhsil müəssisəsinə və yataqxanaya, eləcə də iki yaşayış binasına və bir inzibati binaya ziyan dəyib.
Yuri İqnat bildirib ki, “hazırda Ukraynaya hava hücumlarını dəf etmək üçün lazım olan sayda raketlərin verilməsini davam etdirmək üçün proseslər gedir”.
Rusiya qüvvələri 2023-cü ilin son günləri və 2024-cü ilin ilk günlərində Ukraynaya qarşı hava zərbələri zamanı 300-ə yaxın raket və 200-dən çox pilotsuz təyyarədən istifadə edib.
Forum