Accessibility links

ABŞ Hərbi Hava Qüvvələri Qırmızı dəniz üzərində Husilər tərəfindən atılmış dronu vurub


ABŞ hərbi qüvvələri şənbə günü səhər Qırmızı dəniz üzərində dron vurduğunu bildirib. Pentaqonun məlumatına görə, bu, beynəlxalq sularda bir neçə ticarət gəmisinin yaxınlığında baş verib.

İnsident ABŞ-ın başçılıq etdiyi 12 ölkədən ibarət qrupun Yəməndə Husilərin Qırmızı dənizdə mülki gəmilərə hücumları dayandırmağa çağırmasından bir neçə gün sonra baş verib.

ABŞ Mərkəzi Komandanlığı şənbə günü sosial mediada bildirib ki, “Yəmənin İranın dəstəklədiyi Husi qruplaşmasının nəzarətində olan ərazisindən buraxılan pilotsuz təyyarə özünümüdafiə məqsədilə USS Laboon gəmisi tərəfindən vurulub.

Məlumatda qeyd edilir ki, ekipaj üzvlərindən heç kim xəsarət almayıb.

Sənəddə bildirilir ki, insident Qırmızı dənizin cənubunda “bir neçə ticarət gəmisinin yaxınlığında” baş verib.

İsrail və HƏMAS arasında müharibənin başlamasından qısa müddət sonra regiona yerləşdirilən aviadaşıyıcı zərbə qrupunun bir hissəsi olan Laboon daha əvvəl Husilər tərəfindən buraxıldığı güman edilən dronları vurmuşdu.

Pentaqonun məlumatına görə, oktyabrın 7-də müharibə başlayandan bəri Husilər Qırmızı dəniz və İsraildəki hədəflərə 100-dən çox dron və raket zərbələri endiriblər.

Hücumlar qlobal ticarətin təxminən 12 faizinin keçdiyi tranzit marşrutuna təhlükə təşkil edir. Bu, ABŞ-ı Qırmızı dənizdə gəmiçiliyi qorumaq üçün beynəlxalq hərbi dəniz işçi qrupu yaratmağa sövq edib.

ABŞ-ın rəhbərlik etdiyi qrup çərşənbə günü Husilərə dənizdə hücumlarını dərhal dayandırmasalar, bunun nəticələri olacağı ilə bağlı xəbərdarlıq edib.

Danimarkanın gəmiçilik şirkəti Maersk, son dərəcə qeyri-sabit vəziyyətə istinad edərək, cümə günü “yaxın gələcəkdə” bütün gəmilərinin Afrika ətrafında istiqamət edərək, Qırmızı dəniz və Süveyş kanalından istifadə etməyəcəyini bildirib.

Forum

XS
SM
MD
LG