Livanda yerləşən "Hizbullah" silahlı qruplaşması çərşənbə axşamı yüksək səviyyəli Hizbullah komandirinin və HƏMAS silahlı qruplaşmasının lider müavininin öldürülməsinə cavab olaraq İsrail hərbi bazasına pilotsuz təyyarə ilə hücum etdiyini bildirib. HƏMAS pilotsuz təyyarənin İsrail-Livan sərhədindən təxminən 10 kilometrlik məsafədə yerləşən Safed bölgəsindəki İsrail bazasına hücum etmək məqsədi daşıdığını bildirib.
İsrail ordusu Livandan İsrail ərazisinə keçən bir neçə təyyarənin qarşısını almaq üçün tutma qurğularını işə saldığını və mərminin İsrailin şimalındakı bazaya düşdüyünü bildirib. Hərbçilər itki və dağıntıların olmadığını deyir.
Təhlükəsizlik rəsmiləri İsrailin pilotsuz təiyyarəsinin Livanın cənubunda bir avtomobili vurması nəticəsində üç nəfərin öldüyünü bildirib. Hücum İsrailin Livanın cənubunda avtomobilə endirdiyi zərbədən bir gün sonra baş verib.
Oktyabrın 7-də HƏMAS-ın Qəzzadan İsrailə hücumundan sonra İsrail-Livan sərhədində baş verən döyüşlərdə "Radvan" qüvvələrinin üzvləri də daxil olmaqla, 130-dan çox Hizbullah döyüşçüsü öldürülüb.
Livandakı üç təhlükəsizlik mənbəsinin dediyinə görə, "Radvan" bölməsinin rəis müavini Vissam Əl-Tavil və Hizbullahın başqa bir döyüşçüsü içərisində olduqları avtomobil sərhəddən təxminən 6 km aralıda yerləşən Məcdəl Selm kəndində vurulması nəticəsində həlak olub.
İsrail bununla bağlı şərh verməyib.
Livandakı başqa bir mənbəyə görə, Tavil indiyədək döyüşlərdə öldürülən Hizbullahın ən yüksək səviyyəli komandirlərindən biri olub.
Qrup Tavilin baş katib Seyid Həsən Nəsrullah və 2008-ci ildə Suriyada öldürülən qruplaşmanın hərbi komandiri İmad Muğniyə də daxil olmaqla, Hizbullah liderləri ilə fotoşəkillərini yayıb.
İsrail çərşənbə axşamı Qəzza zolağında HƏMAS yaraqlılarına qarşı hava və quru kampaniyasını, o cümlədən Qəzzanın mərkəzində və Qəzzanın cənubundakı Xan Yunis bölgəsində hava hücumlarını davam etdirib.
İsrail ordusu Xan Yunisdə 40-a yaxın fələstinli yaraqlının öldürüldüyünü bildirib. Qəzzanın mərkəzindəki Nuseyrat qaçqın düşərgəsində yaşayan sakinlər İsrail qüvvələrinin atəş açdığını və yaraqlılarla silahlı döyüşlər apardığını bildiriblər.
Birləşmiş Millətlər Təşkilatı Qəzzada yaşayan insanların əksəriyyətinin evlərini tərk etməsi və humanitar işçilər və səhiyyə müəssisələrinin yardım göstərməkdə çətinlik çəkməsi ilə münaqişənin mülki əhaliyə ağır təsirləri barədə xəbərdarlıq edib.
"Qəzzanın Orta Bölgəsində və Xan Yunisdə intensivləşən hücum sürətlə artan itkilərə səbəb olur və on minlərlə dinc sakin üçün dağıdıcı nəticələrə gətirib çıxarır ki, onların çoxu artıq təhlükəsizlik üçün Qəzza şəhərindən və şimaldan Orta Bölgəyə qaçıbı", agentlik bazar ertəsi bildirib.
Agentlik həmçinin bildirib ki, İsrail səlahiyyətliləri humanitar tərəfdaşların Qəzzanın şimalına təcili tibbi ləvazimat çatdırmaq üçün çoxsaylı cəhdlərini rədd edərək, oradakı beş xəstəxananı həyati xilasedici tibbi ləvazimat və avadanlıqsız qoyub.
İsrail rəsmiləri bildirib ki, ordu HƏMAS-ın Qəzza zolağına nəzarətini silmək, militant qrupunun İsrail üçün yaratdığı təhlükəni aradan qaldırmaq və HƏMAS-ın hələ də saxladığı 129 girovu azad etməyə çalışdığı üçün döyüşlər daha bir neçə ay davam edəcək.
HƏMAS oktyabrda İsrailə hücumu zamanı 1200-ə yaxın adamı öldürüb, 240 nəfəri girov götürüb. HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyi bildirib ki, İsrailin əks-hücumları nəticəsində 23 200-dən çox fələstinli həlak olub, Qəzzanın böyük hissəsi dağıntılar altında qalıb və 2.3 milyonluq əhalisinin 85%-i didərgin düşüb.
Forum