Accessibility links

Bayden: "Amerikada siyasi zorakılığı rədd etməliyik"


Prezident Co Bayden bazar ertəsi Cənubi Karolinaya səfər edib. ABŞ prezidenti Çarlstonda 2015-ci ildə ağ irqin üstünlüyünə inanan Dilan Rufun doqquz afroamerikalını güllələyərək öldürdüyü Ana Emanuel AME kilsəsində çıxışı edib.

Kilsədəki bir neçə nəfər Qəzza zolağında vəziyyətə istinad edərək, “dəthal atəşkəs” qışqıraraq prezidentin çıxışını dayandırıb. Cavabında Bayden izah edib ki, o, İsrail rəhbərliyi ilə işləyir və bu səylər İsrail hökumətini İsrail qüvvələrinin hücumlarını minimuma endirməyə və “əsasən Qəzzanı tərk etməyə” təşviq etməyə yönəlib.

"Mən onların emosiyalarını başa düşürəm və mən İsrail hökuməti ilə işləyirəm - onları (Qəzzaya zərbələri) minimuma endirməyə və əsasən Qəzzanı tərk etməyə təşviq edirəm" - deyə ABŞ prezidenti bildirib..

Afroamerikalılar Baydenin elektoratında mühüm yer tutur.

Prezidentin Cənubi Karolinaya səfəri onun kampaniyasının Respublikaçılar Partiyasından prezidentliyə namizədlik uğrunda mübarizədə öndə gedən keçmiş prezident Donald Trampı getdikcə daha çox tənqid etdiyi bir vaxta təsadüf edir.

Cümə günü Bayden Trampı demokratiya üçün təhlükə adlandırıb. O, bunu Tramp tərəfdarlarının Kapitoliyə hücumunun 3-cü ildönümü ilə bağlı çıxışı zamanı deyib. Tərəfdarları Trampın 2020-ci ildə məğlub olduğu seçkilərin nəticələrini ləğv etməyə ümid edirdilər.

"Bu zorakı kütlə məğlub olmuş keçmiş prezidentin yalanları ilə həyəcanlanmışdı. Trampın hərəkətləri Amerika prezidenti tərəfindən öz vəzifəsini yerinə yetirməməsinin ən pis (nümunəsidir)” – deyə, Bayden bildirib.

“Amerikada həqiqət təhlükə altındadır və nəticədə azadlığımız təhdid altındadır, demokratiyamız, ölkəmizin özü təhlükə altındadır, çünki həqiqət olmadan işıq yoxdur. İşıqsız bu zülmətdən çıxış yolu yoxdur” - deyə, prezident vurğulayıb.

2015-ci ildə kilsədə hadisəyə toxunan prezident Bayden ağların üstünlüyünü “ölkəmizi çox uzun müddət zəhərləyən bir zəhər” adlandırıb.

"Bunun (zəhərin) Amerikada yeri yoxdur - nə bu gün, nə sabah, nə də başqa bir gün. Amerikada siyasi zorakılığı rədd etməliyik" – deyə, Co Bayden qeyd edib.

Son sorğular göstərir ki, Tramp hazırda səsvermənin nəticələrinin Ağ Ev uğrunda builki yarışda kimin qalib gələcəyini müəyyən edəcək mühüm ştatlarda Baydendən öndədir.

Dekabrda Reuters/Ipsos sorğusu göstərib ki, qarşıdan gələn qarşıdurmada rəqiblər arasında fərq az olacaq.

Bəzi demokrat siyasətçilər bu yaxınlarda Baydeni Trampa qarşı tənqidlərini artırmağa çağırıblar.

Cənubi Karolina 1976-cı ildən bəri prezident seçkilərində demokrat namizədə dəstək verməyib. Lakin bir çox demokratlar ştatın əhalisin müxtəlifliyini qeyd edərək, onun seçki elektoratı potensialına diqqət çəkirlər.

Vitse-prezident Kamala Harris keçən şənbə günü Cənubi Karolinaya səfər edərək, əksəriyyəti afroamerikalı kilsə fəallarından ibarət auditoriyanı seçki öncəsi “qollarını çırmalamağa” çağırıb.


Forum

XS
SM
MD
LG