Accessibility links

Rəsmi Bakı Fransanın ittihamlarını qəbul etmədiyini bildirib


Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bu ölkənin vətəndaşı Martin Rayanın qanunsuz həbsi ilə bağlı bəyanatını qəbul etmir.

Reuters agentliyi yanvarın 9-da bildirib ki, Fransanın Avropa və Xarici İşlər Nazirliyi Azərbaycanı Fransa vətəndaşını özbaşına saxlamaqda ittiham edib və Bakının Fransadakı nümayəndəsinin bu şəxsin casusluqda şübhəli bilinərək həbs edildiyini deməsindən sonra onun dərhal azadlığa buraxılmasını tələb edib.

Agentlik bildirir ki, iki ölkə arasında əlaqələr son aylarda gərginləşib və ötən ilin sentyabrında Azərbaycanın Qarabağ bölgəsinə nəzarəti ələ keçirməsindən sonra daha da pisləşib.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Parisin iddialarını “əsassız” adlandırıb və Parisi “reallığı təhrif etməkdə və Azərbaycanın daxili işlərinə qarışmağa cəhd etməkdə” ittiham edib.

Rayan 2023-cü il dekabrın 4-də casusluqda şübhəli bilinərək (Azərbaycan Cinayət Məcəlləsinin 276-cı maddəsi) həbs edilib və istintaq müddətində barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Hacızadə Azərbaycanın atdığı addımların ölkənin qanunvericiliyə və beynəlxalq öhdəliklərə tam uyğun olduğunu, o cümlədən Fransa səfirliyinin konsulluq şöbəsinin Rayan həbs olunduqdan sonra bir neçə dəfə ona baş çəkdiyini və cinayət işinin təfərrüatları barədə məlumatlandırıldığını bildirib.

“Azərbaycanın diplomatik səylərinə baxmayaraq, Fransa tərəfi hər hansı izahat verməkdən və istintaqla əməkdaşlıqdan imtina edib. Buna görə də, bu işlə əlaqəli olduğu iddia edilən Fransa səfirliyinin iki əməkdaşı 2023-cü ilin dekabrında arzuolunmaz şəxs elan edilib”, sözçü əlavə edib.

Forum

XS
SM
MD
LG