Accessibility links

Blinken Mahmud Abbasla Fələstin administrasiyasının islahatlarını müzakirə edib


ABŞ Dövlət katibi Antoni Blinken çərşənbə günü İordan çayının qərb sahilində keçirdiyi görüşdə Fələstin prezidenti Mahmud Abbasla inzibati islahatlar və Qəzza zolağında insanlara humanitar yardımın artırılması səylərini müzakirə edib.

Dövlət Departamentinin sözçüsü Metyu Miller verdiyi açıqlamada Blinkenin “ABŞ-ın İsrail dövləti ilə yanaşı sülh və təhlükəsizlik şəraitində yaşayan Fələstin dövlətinin yaradılması istiqamətində real addımları dəstəklədiyini bir daha təsdiqlədiyini” deyib.

Blinken həmçinin İsraili mövcud razılaşmalara uyğun olaraq Fələstindən topladığı bütün vergi gəlirlərini Fələstin hakimiyyətinə köçürməyə çağırıb. Fələstin Administrasiyası İordan çayının qərb sahilinin bir hissəsini idarə edir, HƏMAS silahlı qruplaşması isə İsrailin qruplaşmanın kökünü kəsmək üçün mübarizə apardığı Qəzza zolağına nəzarət edir.

Birləşmiş Ştatlar Qəzzanı Fələstinin rəhbərliyi altında HƏMAS-ın heç bir rolu olmayan bir idarə altına salan müharibədən sonrakı yol xəritəsini nəzərdə tutur. Lakin bəzi analitiklər buna şübhə ilə yanaşır və perspektivin az olduğunu deyir.

"Mən Fələstin Administrasiyasının Qəzzaya necə geri dönəcəyini və Qəzzada qalanlar üzərində hər hansı mənalı nəzarəti öz üzərinə götürəcəyini görmürəm. Onlar hətta İordan çayının qərb sahilində belə nəzarəti saxlamaqda çox çətinlik çəkirlər" - deyə, Amerikanın Səsinə Yaxın Şərq İnstitutunun baş elmi işçisiXalid Elgindi bildirib.

Blinken İsrailin uzun müddətdir davam edən münaqişəni həll etmək vasitəsi kimi Fələstin dövlətinin yaradılmasına doğru yol axtararaq ərəb qonşuları tərəfindən qəbul edilməsi potensialını vurğulayıb.

Netanyahu iki dövlət həllini qətiyyətlə rədd edir.

Blinken deyib ki, məcburi köçkün fələstinlilər şərtlər imkan verən kimi evlərinə dönə bilməlidirlər və İsrail Birləşmiş Millətlər Təşkilatının missiyasına müharibədən zərər çəkmiş Qəzzanın şimalındakı vəziyyəti qiymətləndirməyə icazə verməyə razılaşıb.

"İsrailin kampaniyası Qəzzanın şimalında daha aşağı intensivlik mərhələsinə keçdikcə və İDF [İsrail Müdafiə Qüvvələri] oradakı qüvvələrini azaldarkən, biz bu gün BMT-nin qiymətləndirmə missiyası yerinə yetirməsi planı üzərində razılaşdıq. Bu, nəyin lazım olduğunu müəyyən edəcək. Bu, məcburi köçkün fələstinlilərin şimaldakı evlərinə sağ-salamat qayıtmasına imkan vermək üçün edilməlidir”, deyə Blinken Tel-Əvivdə keçirilən mətbuat konfransında jurnalistlərə bildirib.

Çərşənbə axşamı günü Blinken Tel-Əvivdə İsrailin baş naziri Benyamin Netanyahu, prezident Hersoq, xarici işlər naziri İsrael Katz və İsrailin Müharibə Nazirləri kabinetinin digər yüksək səviyyəli rəsmiləri ilə danışıqlar aparıb.


Dövlət Departamentinin bəyanatında deyilir ki, Dövlət katibi və baş nazir qalan bütün girovların azad edilməsi üçün davam edən səyləri və Qəzzada mülki şəxslərə çatan humanitar yardımın səviyyəsinin artırılmasının vacibliyini müzakirə edib”.

Bununla əlaqədar olaraq, Dövlət katibi Siqrid Kaaqın BMT-nin Qəzza üzrə Baş Humanitar və Yenidənqurma Koordinatoru təyin edilməsini alqışlayıb və bu yeni vəzifədə onunla sıx əməkdaşlıq edəcəyinə söz verib", məlumatda qeyd edilib.

Blinken çərşənbə axşamı Qəzzada HƏMAS yaraqlılarının saxladığı bəzi girovların ailələri ilə də görüşüb.

O, Türkiyə, Yunanıstan, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına səfərləri zamanı bölgədəki digər liderlərdən eşitdiklərinin bir qismini İsrail liderlərinə çatdırıb.

Forum

XS
SM
MD
LG