Accessibility links

Avropa Məhkəməsi Adnan Hacızadə və Emin Milli işi üzrə qərar çıxaracaq


Avropa İnsan Hüquqları Məhkəməsi
Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) yanvarın 18-də Azərbaycanla bağlı 11 yeni qərarını açıqlayacaq. Məhkəmənin qərar çıxaracağı ərizələr arasında Adnan Hacızadə və Emin Abdullayevin (Milli) işləri də yer alır.

Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının monitorinqini aparan aihmaz.org saytının məlumatına görə, Adnan Hacızadə və Emin Milli 8 iyul 2009-cu ildə Bakıdakı “Livan” restoranında baş verən insidentdən sonra saxlanılıblar. Hücuma məruz qalan və döyülən gənclərə qarşı qəsdən sağlamlığa az ağır zərərvurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülüb, Hacızadə 2 il, Milli isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hər iki ərizəçi həbslərinədək ictimai fəaliyyətlə məşğul olub, sosial şəbəkələrdə hökumətin fəaliyyətini tənqid edən satirik video məzmunlar paylaşıblar. Hadisələrin baş verdiyi vaxt onlar, eləcə də yerli və beynəlxalq ictimaiyyət blogerlərin fərqli siyasi düşüncələrinə görə həbs olunduğunu bildiriblər.

Adnan Hacızadə və Emin Milli Avropa Məhkəməsinə müraciətlərində bildiriblər ki, hadisə vaxtı yaralanmalarına baxmayaraq, onlara adekvat tibbi yardım göstərilməyib, xəsarət aldıqları halda qollarını qandallayıb dindirməklə pis rəftara məruz qalıblar.

Onlar həmçinin cinayət törətmələrinə dair hər hansı əsaslı şübhə olmadan saxlanıldıqlarını, uyğun və yetərli əsaslar olmadan məhkəməyəqədər həbs edildiklərini, barələrindəki cinayət prosesinin əsassız olduğunu, ictimai fəalliyyətlərinə və tənqidi çıxışlarına görə cəzalandırıldıqlarını vurğulayıblar.

Gələn həftə çıxarılacaq qərarlardan biri də “İsmayılzadə Azərbaycana qarşı” işi üzrədir. Bu işdə ərizəçi Leyla İsmayılzadə oğluna Əbülfəzabbas adını qoymaq istəsə də, rəsmi qurumlar bu adın qeydiyyata alınmasından imtina ediblər.

Qeydiyyat qurumu qeyd edilən adın Azərbaycan Milli Elmlər Akademiyasının təsdiq etdiyi siyahıda olmaması əsası ilə buna icazə verməyib. Yerli məhkəmələr bu yanaşmanı haqlı sayıb, eyni zamanda qeyd edilən adların tələffüz problemi yaradacağı səbəbindən yeni doğulmuş körpənin maraqlarına uyğun olmayacağını ifadə edib.

İsmayılzadə Avropa Məhkəməsinə şikayətində Konvensiyanın 8-ci maddəsinə (şəxsi və ailə həyatına hörmət hüququ) əsaslanaraq, oğluna seçdiyi adın qeydə alınmasından imtina edilməsinin qanunsuz olduğunu iddia edir.

Avropa Məhkəməsi həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvlərinin ərizələri barədə hökm çıxaracaq. “Məmmədov və başqaları Azərbaycana qarşı” işi müxalif fəalların inzibati qaydada həbs edilməsi ilə bağlıdır. Ərizəçilər müraciətlərində həbslərinin əsassız və siyasi baxışları ilə əlaqəli olduğunu qeyd edirlər.

Məhkəmə bundan əlavə 8 iş üzrə qərarlarını elan edəcək ki, bu işlərdən biri Müsavat Partiyasının şikayəti üzrədir.

Forum

XS
SM
MD
LG