Accessibility links

Məhkəmə jurnalist barəsində 2 ay 17 gün həbs-qətimkan tədbiri seçib


Elnarə Qasımova
Elnarə Qasımova

Yanvarın 15-də Xətai rayon Məhkəməsi hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə jurnalist Elnarə Qasımova barəsində 2 ay 17 gün həbs-qətimkan tədbiri seçib.

Bu barədə vəkil Bəhruz Bayramov Amerikanın Səsinə bildirib.

Vəkilin sözlərinə görə, jurnalist Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə şübhəli bilinərək saxlanılıb.

Onun sözlərinə görə, hüquqlarını müdafiə elədiyi jurnalist qeyri-insani rəftara məruz qalıb.

“Qasımovanın əllərinə arxadan qandal vuraraq məhkəməyə gətirmişdilər. Məhkəmə zalında onun əllərini qabaq tərəfdən qandalladılar. Sonra hakimin qərarı ilə qandallar açıldı və jurnalist şüşə qəfəsdən çıxarıldı”, vəkil qeyd edib.

Bundan əlavə Bəhruz Bayramov qeyd edib ki, Elnarə Qasımova həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirib.

“O bildirdi ki, jurnalist fəaliyyətini dayandırmadı. Çəkilişlərini davam etdirib. Ona görə, onun haqqında cinayət işi başlanıb və məsuliyyətə cəlb olunub”, vəkil əlavə edib.

Bəhruz Bayramov jurnalistin özünü təqsirli bilmədiyini deyib.

Digər vəkil Aişə Abdel Qadir Amerikanın Səsinə bildirib ki, Elnarə Qasımovanın həbsi ilə bağlı heç bir ilkin sübut təqdim edilməyib.

“Hakim də ittiham tərəfinə bununla bağlı sual verdi. Çünki heç bir ilkin sübut təqdim edilməyib. Qarşı tərəf bildirdi ki, Elnarə təzyiq edə bilər. Digər şəxslər var bu işdə. Onlara təzyiq göstərə bilər. Bununla bağlı bildirdilər ki, həbs-qətimkan tədbiri seçilməlidir. Lakin biz bildirdik ki, onun yaşayış yeri bəllidir. İki dəfə şahid qismində çağırılıb. Qaçmayıb, istintaqdan yayınmayıb. Amma buna baxmayaraq həbs-qətimkan tədbiri seçildi”, vəkil qeyd edib.

Vəkillər Elnarə Qasımova barəsi məhkəmə qərarından apellyasiya şikayəti verəcəklərini istisna etməyib.

Həbsindən öncə Elnarə Qasımova deyib ki, həbs ediləcəyini ehtimal edir.

“Əsas isə Nərgiz Absalamovanın həbsidir. O da mənim kimi ikinci dəfə dindirilməyə çağırıldıqdan sonra həbs olunub. Həbs olunacağım halda bunun saxta ittihamla, şərlənmə üsulu ilə olduğunu bildirirəm. Həmin ittihamı qəbul etmirəm, biz sırf peşə fəaliyyətimizə görə bu rəftara məruz qalırıq".

Jurnalist ifadə verməmişdən əvvəl bildirib ki, artıq ikinci dəfədir "Abzas Media" işi üzrə dindirilməyə çağırılır.

Xatırlatma

Noyabrın 23-də Xətai Rayon Məhkəməsi "Abzas Media"nın direktor müavini Məhəmməd Kekalov barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Noyabrın 22-də Daxili İşlər Nazirliyi bildirib ki, onun barəsində 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə cinayət işi başladılıb.

Məhəmməd Kekalovun noyabrın 20-də mülki geyimli şəxslər tərəfindən evindən zorakılıqla aparıldığı bildirilir. Ailəsinin məlumatına görə, ondan 2 gün xəbər almaq mümkün olmayıb. Ailəsi və yaxınları ona işgəncə verilməsindən narahat olduqlarını bildiriblər.

Noyabrın 23-də Məhəmməd Kekalovla görüşən vəkil Rövşanə Rəhimli jurnalistlərə bildirib ki, Məhəmməd ondan vəkil kimi imtina etdiyini deyib.

Noyabrın 21-də Xətai Rayon Məhkəməsi "Abzas Media"nın direktoru Ülvi Həsənli barəsində 4 ay, saytın baş redaktoru Sevinc Vaqifqızı barəsində 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Hər iki jurnalist Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham olunurlar.

Jurnalist Nərgiz Absalamova isə noyabrın 30-u Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və daha sonra saxlanılıb. Dekabrın 1-də Xətai Rayon Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. "Abzas Media"nın həbs edilən digər jurnalistləri kimi Absalamovaya qarşı da "qaçaqmalçılıq" ittihamı irəli sürülüb.

Dekabrın 13-də Turan Agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalı da saxlanılıb. O, "Abzas Media" jurnalistlərinin işi üzrə istintaqa cəlb edilib.

Dekabrın 14-də Xətai Rayon Məhkəməsi Hafiz Babalı barəsində 3 ay həbs qətimkan tədbiri seçib.

Noyabrın 20-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının "Abzas Media"nın ofisində axtarış zamanı 40 min avro müəyyən etdiyi iddia olunur. Ülvi Həsənli pul vəsaitinin ona aid olmadığını bildirib. Həsənli və Vaqifqızı onlara qarşı ittihamı qəbul etmir və bunun "Abzas Media"da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG