Accessibility links

Zelenski Davosda Blinken və Stoltenberqlə Ukraynanın müdafiə ehtiyaclarını müzakirə edib


Yanvarın 16-da Davos İqtisadi Forumunda çıxış edib Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın təxminən iki ildir davam edən təcavüzü qarşısında Qərbi Ukraynanı dəstəkləməkdə birliyə çağırıb. Zelenski həmçinin Kyivin müttəfiqlərini döyüş meydanında qalib gəlmək üçün Moskva üzərində hava üstünlüyü yaratmağa kömək etməyə çağırıb.

"Biz Ukrayna üçün hava üstünlüyünə nail olmalıyıq. Qara dənizdə üstünlük əldə etdiyimiz kimi, bunu edə bilərik. Bu, yerdə irəliləyiş əldə etməyə imkan verəcək.... Tərəfdaşlar nəyə və hansı miqdarda ehtiyac olduğunu bilirlər" - deyə, Zelenski bildirib.

Çıxışdan əvvəl Zelenski İsveçrənin Davosda kurortunda ABŞ dövlət katibi Antoni Blinken və NATO-nun baş katibi Yans Stoltenberqlə danışıqlarda ölkəsinin hava hücumundan müdafiə imkanlarını gücləndirməsinin vacibliyini qeyd edib. Kyiv Rusiyanın genişmiqyaslı hərbi müdaxiləsinə qarşı apardığı mübarizəsinə davamlı beynəlxalq dəstək axtarır.

Ukraynanın ilin əvvəlindən Rusiyanın qeyri-adi dərəcədə intensiv hava hücumlarına məruz qalması silah-sursat və texnika ehtiyatlarının azalması fonunda Ukrayna hava hücumundan müdafiə sistemini böyük təzyiq altında qoyub.

"ABŞ dövlət katibi Antoni Blinkenlə əhəmiyyətli görüş" - deyə, Zelenski Telegram kanalında yazıb və əlavə edib ki, ABŞ-la gələcək müdafiə əməkdaşlığı haqqına müzakirələr aparılıb.

"Ölkəmiz üçün hava hücumundan müdafiə və uzaq mənzilli imkanlar xüsusilə vacibdir", Zelenski qeyd edib.

"ABŞ prezidentinə, Konqresə və bütün Amerika xalqına Ukraynaya daimi və güclü köməyə görə təşəkkür edirəm!", Ukrayna prezidenti bildirib.

Bundan əvvəl Zelenski Dünya İqtisadi Forumu çərçivəsində NATO-nun baş katibi Stoltenberqlə danışıqlar aparıb.

"Mən baş katibə Rusiyanın son kütləvi hava zərbələri barədə məlumat verdim və Ukraynanın hava hücumundan müdafiəsini daha da gücləndirməyin vacibliyini vurğuladım. Biz digər müdafiə ehtiyacları barədə də danışdıq" - deyə, Zelenski əvvəllər Twitter kimi tanınan X platformasında yazıb.

Zelenski əlavə edib ki, o, Stoltenberqlə iyulda Vaşinqtonda keçiriləcək NATO-nun mühüm sammitinə hazırlığı müzakirə edib.

"Mən vurğuladım ki, Ukrayna onun Alyansa üzvlüyünü yaxınlaşdıracaq qərarlar gözləyir", Zelenski yazıb.

Əvvəlki illərdə Davos toplantısında video bağlantı ilə çıxış edən Zelenskinin günün sonunda forumda şəxsən əsas çıxış etməsi planlaşdırılır.

Zelenskinin çıxışından əvvəl Avropa Komissiyasının rəhbəri Ursula Von der Leyen Davos iştirakçılarına xəbərdarlıq edib ki, Ukrayna müharibədə "qalib gələ bilər", lakin "biz onların müqavimətini gücləndirməyə davam etməliyik".

"Ukraynalıların 2024-cü il və ondan sonrakı dövrdə proqnozlaşdırıla bilən maliyyələşdirməyə ehtiyacı var. Onlar Ukraynanı müdafiə etmək və onun qanuni ərazisini geri qaytarmaq üçün kifayət qədər və davamlı silah təchizatına ehtiyac duyurlar", o həmçinin əlavə edib.

Ukrayna lideri son vaxtlar bəzi Avropa paytaxtlarında və Kyivin əsas müttəfiqi olan ABŞ-da müharibə yorğunluğunun artması fonunda ölkəsinə dəstək tapmaq üçün xaricə bir neçə səfər edib.

Davosda onun digər dünya liderləri ilə də görüşləri planlaşdırılıb və ölkənin müdafiə və iqtisadi sabitliyini gücləndirmək üçün Aİ nümayəndələri, eləcə də böyük biznes liderləri ilə danışıqlar aparacağı gözlənilir.

Forum

XS
SM
MD
LG