Accessibility links

Azərbaycan Xarici İşlər Nazirliyi İranda həbs olunan Fərid Səfərli barədə açıqlama yayıb


Fərid Səfərli (Fotonu Amerikanın Səsinə Fərid Səfərlinin anası Dilarə Əsgərova təqdim edib)
Fərid Səfərli (Fotonu Amerikanın Səsinə Fərid Səfərlinin anası Dilarə Əsgərova təqdim edib)

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə İranda həbs olunmuş Azərbaycan Respublikasının vətəndaşı Fərid Səfərli ilə bağlı açıqlama verib.

Bundan öncə Fərid Səfərlinin anası Dilarə Əsgərova oğlunun səhhətinin kəskin pisləşdiyini və onun depressiyadan əziyyət çəkdiyini bildirib. Almaniyada yaşayan Dilarə Əsgərova Amerikanın Səsinə deyib ki, Fəridin psixoloji durumunda son günlər gərginlıik yaranıb və o özünə qəsd edə bilər. O, Azərbaycanın rəsmi qurumlarını heç bir günahı olmadan İranda həbsdə saxlanılan oğlunun azad edilməsinə çağırıb.

Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, Fərid Səfərli barədə məlumat Xarici İşlər Nazirliyinə daxil olan gündən etibarən vətəndaşın aqibətinin və sağlamlıq vəziyyətinin öyrənilməsi, İran tərəfindən məsələyə aydınlıq gətirilməsi, vətəndaşın məhkəmə-prosessual hüquqlarının qorunması, eləcə də vəkillə təmin olunması istiqamətində həm Xarici İşlər Nazirliyi, həm də ölkənin Təbriz şəhərindəki Baş konsulluğu tərəfindən bütün mərhələlərdə müvafiq iş aparılıb.

"19 iyul 2023-cü il tarixində keçirilmiş məhkəmə iclası zamanı Səfərliyə qarşı irəli sürülmüş "casusluq" ittihamı "casusluq etmək niyyəti" ittihamı ilə əvəz olunub. Növbəti mərhələdə məhkəmənin qərarı ilə onun həbsi barəsində hökm 2 il yarım müddətinə tətbiq edilib. Bununla yanaşı, İran İslam Respublikasının Təbriz şəhərindəki Azərbaycan Respublikasının Baş Konsulluğunun əməkdaşları F.Səfərli ilə həbsxanada mütəmadi olaraq görüşlər keçirir və onunla ailə üzvləri arasında telefon əlaqəsi yaradılır", o bildirib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisinin sözlərinə görə Fərid Səfərlinin hüquq və mənafelərinin qorunması istiqamətində Azərbaycan Respublikası hökuməti tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.

Xatırlatma

Rəsmi məlumata görə, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin 2023-cü il fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.

Fərid Səfərli İrana səfərindən bir müddət əvvəl Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub.

O, praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Onlar qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu qadının vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib.

Uzun müddət Fərid Səfərlinin taleyindən məlumat almaq mümkün olmayıb. Yalnız iyunun 1-də onun İranda casusluq ittihamı ilə həbs edildiyi məlum olub.

Sonradan ona qarşı irəli sürülmüş "casusluq" ittihamı "casusluq etmək niyyəti" ittihamı ilə əvəz olunub. Məhkəmə Fərid Səfərli barəsində 2 il həbs hökmü çıxarıb.

Fərid Səfərli məhkəmədə ittihamı və hökmü qəbul etmədiyni bildirib.

Azərbaycan Baş Prokuroru Kamran Əliyev 2023-cü il sentyabrın 14-də Bakıda səfərdə olan İranın Baş prokuroru Mohammad Kazem Movahedi-Azadi ilə görüşündə Fərid Səfərli ilə bağlı cinayət işi ətrafında müzakirə aparıb.

Daha sonra Tehranın Apellyasiya Məhkəməsi Fərid Səfərli ilə bağlı hökmdən verilən apellyasiya şikayətini təmin etməyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG