Accessibility links

Elnarə Qasımova: Gördüyümüz işlər kimlərdəsə narahatlıq yaradacaq və buna görə üzr istəməyəcəyik


"Abzas Media"nın əməkdaşı, jurnalist Elnarə Qasımova
"Abzas Media"nın əməkdaşı, jurnalist Elnarə Qasımova

Həyat yoldaşı Nicat Əmiraslanov sosial şəbəkələrdə həbs olunan "Abzas Media"nın əməkdaşı, jurnalist Elnarə Qasımovanın həbsdən öncə yazdığı məktubu paylaşıb. Həyat yoldaşı bildirir ki, jurnalist həbs olunacağı təqdirdə məktubun yayılmasını istəyib.

Elnarə Qasımova ismarıcında deyir ki, jurnalistikada görəcəyi işlərlə, hazırlayacağı materiallarla bağlı çox planları olub, sadəcə olanlar onları etmədən baş verdiyi üçün qəzəblidir.

"Özüm üçün narahat, ya da kədərli deyiləm. Həmişə başladığım hər şeyin davamında baş verə biləcək bütün alternativləri düşünmüşəm, ona görə də narahat deyiləm. Jurnalistika cinayət deyil. Peşə fəaliyyətimizi yerinə yetirdiyimiz üçün təhdidlərə, təzyiqlərə, həbslərə məruz qalmamalıyıq. İşimizi sevdiyimiz üçün, doğru bildiyimiz şeylər üçün, yararlı olmaq üçün və ən əsası gördüyümüz işlərdən narahat olacaq şəxsləri narahat etmək üçün jurnalistikada elə məhz biz - müstəqil jurnalistlər varıq. Ola bilər bəzilərimizin səsi daha az çıxsın, bəzilərimiz görünməz olsun və sair. Lakin gördüyümüz işlər görünən olacaq, kimlərdəsə narahatlıq yaradacaq və bu narahatlığa görə üzr istəməyəcəyik", o bildirib.

Jurnalist öz məktubunda qeyd edir ki, onları həbs edə bilərsiniz, amma yenə də nə onlara-həbs olunan jurnalistlərə, nə digər müstəqil jurnalistlərə düşünməyi, sorğulamağı qadağan edə bilməyəcəklər.

"Çünki jurnalistika təkcə iş deyil, həm də eşqdir. Nə qədər şərləyib saxta ittihamlarla həbsə atsanız da zəhlənizi tökməyə davam edənlər həmişə və yaxşı ki, olacaq. İstər "Abzas Media" adı ilə, istər başqa adla. Jurnalistika cinayət deyil, amma əgər cinayət hesab olunursa, ən yaxşıları ilə "ortaq" olduğuma görə qürur duyuram" - deyə, Qasımova məktubunda bildirir.

Yanvarın 15-də Xətai Rayon Məhkəməsi "AbzasMedia" saytının əməkdaşı, jurnalist Elnarə Qasımova barəsində 2 ay 17 günlük həbs qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

"AbzasMedia" ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb. Həmin gün onun evində və "AbzasMedia"nın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-nə keçən gecə xaricdən qayıdanda hava limanında təyyarənin içində Sevinc Vaqifqızı saxlanılıb. Bir müddət sonra jurnalist Nərgiz Absalamova, ardınca da dekabrın 13-də araşdırmaçı Hafiz Babalı həbs olunub.

Jurnalistlərin hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Onların heç biri özünü təqsirli bilmir. Həbslərini peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər.

Beynəlxalq jurnalist təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Azərbaycan hökuməti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG