Pakistan İran təhlükəsizlik qüvvələrinin ölümcül transsərhəd hava hücumuna etiraz olaraq İrandakı səfirini geri çağırdığını və ölkə ilə bütün ikitərəfli əlaqələri dayandırdığını elan edib.
İslamabadın misli görünməmiş addımı Tehranın çərşənbə axşamı gecə hərbiləşdirilmiş İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən "raket və dron zərbələri"nin Pakistanla sərhəddə anti-İran silahlı qruplaşması Ceyş əl-Ədl və ya Ədalət Ordusunun iddia edilən bazalarını məhv etdiyini iddia etməsindən sonra atılıb.
"Pakistan bu qeyri-qanuni hərəkətə cavab vermək hüququnu özündə saxlayır. Nəticələrə görə məsuliyyət tamamilə İranın üzərinə düşəcək", Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zəhra Bəluç çərşənbə günü milli televiziya ilə yayımlanan bəyanatda xəbərdarlıq edib.
Onun sözlərinə görə, partlayışlar nəticəsində iki "günahsız uşaq" həlak olub və bir neçə dinc sakin yaralanıb. Bəluç əlavə edib ki, İslamabad Tehran hökumətinə zərbələrin Pakistanın suverenliyinin və beynəlxalq hüququn pozulması olduğunu çatdırıb.
İran xarici işlər naziri Hüseyn Əmir-Abdollahian çərşənbə günü İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun çəçivəsində etdiyi çıxışı zamanı gecə hücumunu müdafiə edib.
“Dost və qardaş Pakistanın vətəndaşlarından heç biri İranın raket və pilotsuz təyyarələri ilə hədəf alınmayıb. Onlar Pakistan torpaqlarında iranlı terrorçuları vurublar", Əmir-Abdollahian əlavə edib.
Transsərhəd reyd Tehranın "anti-İran terror qrupları" adlandırdığı qruplara qarşı İraq və Suriyadakı hədəfləri də vurmasından sonra baş verib.
Pakistandakı şübhəli terror hədəflərinə hücum Pakistanın müvəqqəti baş naziri Ənvar-ül-Haq Kakarın Davosda keçirilən forum çərçivəsində Əmir-Abdollahian ilə görüşündən bir neçə saat sonra baş verib.
Zərbələr həmçinin İran və Pakistan donanmalarının çərşənbə axşamı Hörmüz boğazında və Fars körfəzinin şimalında əməkdaşlığı və əlaqələri gücləndirmək üçün birgə dəniz təlimi keçirərkən baş verib.
Pakistan müxalifəti və sərt qruplar Tehranın təcavüzünə İslamabadın “səssiz” cavabını tənqid edərək, buna hərbi cavab tələb edib.
İslamabad və Tehran müntəzəm olaraq bir-birini anti-dövlət silahlı qruplarının öz ərazilərinə sığınmasının qarşısını almaq üçün kifayət qədər iş görməməkdə və hər iki tərəfin təhlükəsizlik qüvvələrinə qarşı transsərhəd terror aktları hazırlamaqda ittiham edir.
Forum