Accessibility links

Ron DeSantis prezidentlik kampaniyasını dayandırdığını açıqlayıb


Florida ştatının qubernatoru Ron DeSantis Nyu-Hempşirdə praymeriz ərəfəsində prezidentlik uğrunda kampaniyasını dayandırdığını və keçmiş prezident Donald Trampa dəstək verdiyini bildirib. DeSantis qərarını X sosial media platformasında video mesajında açıqlayıb.

DeSantis 2024-cü ildə Respublikaçılar Partiyasından nominasiya almaq üçün əsas namizədlərdən biri hesab edilirdi. Lakin Florida qubernatoruna dəstək bir neçə aydır onun qüsurlu kampaniya strategiyası və Trampın partiyadan seçici elektoratı üzərində nüfuzunun sarsılmaz olaraq qalmasına görə azalırdı.

DeSantisin yarışlardan çıxması Respublikaçılar Partiyasından nominasiya uğrunda mübarizənin hazırda iki namizəd - Tramp və Heyli arasında getdiyi deməkdir.

Partiyadan rəsmən nominasiya almaq uğrunda yarışların qalibi noyabrda keçiriləcək seçkidə Demokratların ehtimal edilən namizədi olacaq prezident Co Baydenlə qarşılaşacaq.

Son sorğularda DeSantisin yanvarın 23-də keçiriləcək ilkin seçkidən əvvəl Nyu-Hempşirdə Tramp və Heylidən xeyli geridə qaldığı göstərilir.

Respublikaçılar Partiyasından prezidentliyə namizədliyə nominasiya almaq üçün mübarizədə ilkin seçkilər Ayova ştatında keçirilib və Tramp 51 faiz səslə ən yaxın rəqibi Ron DeSantisi 30 xal qabaqlayıb.

Ayova ştatında 7,7 faiz səs toplayan digər Respublikaçı namizəd Vivek Ramasvami də nəticələrdən sonra yarışdan çəkilərək Trampı dəstəklədiyini açıqlayıb.

Ayova kokusondan sonra digər Respublikaçı namizəd, Arkanzas ştatının keçmiş qubernatoru Asa Hatçinson yarışdan çəkilib və Nikki Heyliyə dəstək verdiyini bildirib.

Forum

XS
SM
MD
LG