Accessibility links

Ukrayna Rusiyanın dronlarını vurub, Rusiya isə Ukraynanı mülki əhaliyə qarşı hücumlarda ittiham edib


Ukrayna ordusu bazar ertəsi gecə ölkənin bir çox bölgəsində Rusiyanın pilotsuz təyyarələrinin hücumlarının qarşısını aldığını bildirib. Rusiya rəsmiləri isə Ukrayna qüvvələrini ölkənin şərqində, Rusiyanın nəzarətində olan şəhərdə "vəhşi" hücumlarda ittiham edib.

Ukrayna Hərbi Hava Qüvvələrinin bildirdiyinə görə, Hava Hücumundan Müdafiə Qüvvələri Rusiyanın Mikolayiv, Xerson və Dnepropetrovsk vilayətləri səmasına buraxdığı 8 pilotsuz təyyarənin hamısını vurub.

Moskvada Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Ukrayna bazar günü Donestk şəhərində atışma zamanı fərq qoymayan silahlardan istifadə edərək, mülki infrastruktura hücum edib və nətucədə azı 27 nəfər ölüb.

Peskov həmçinin bazar ertəsi bildirib ki, Ukraynanın hücumundan sonra Rusiya Baltik dənizindəki yanacaq ixracat terminalında lazımi tədbirlər görür.

Ukrayna ordusu hər iki hücumla bağlı açıqlama verməyib.

Rusiya təqribən iki il əvvəl başladığı müharibə ərzində pilotsuz təyyarələri və raketləri ilə Ukraynanın mülki yaşayış məntəqələrinə dəfələrlə zərbələr endirib və minlərlə ukraynalı mülki şəxs həlak olub.

Ukraynanın Rusiyanın nəzarətində olan Donetskdə son hücumu 2022-ci ilin fevralında Moskvanın Ukraynaya hücumundan bəri ən ölümcül hücumlardan biri olub.

Bölgənin Rusiya tərəfindən təyin edilmiş rəhbərinin bazar günü bildirdiyinə görə, Ukraynanın şərqində Rusiyanın nəzarəti altında olan Donetsk şəhərinin ətrafında izdihamlı bazara hücum nəticəsində onlarla insan həlak olub, iki uşaq da daxil olmaqla, çoxlu sayda insan yaralanıb.

Hücumla bağlı medianın suallarını cavablandıran BMT sözçüsü Stefan Dujarrik bazar günü verdiyi açıqlamada Baş katibin Ukraynanın Donetsk şəhərinin atəşə tutulması da daxil olmaqla, mülki əhaliyə və mülki infrastruktura qarşı bütün hücumları qətiyyətlə pislədiyini bildirib.

Bəyanatda "Mülki əhaliyə və mülki infrastruktura qarşı hücumlar beynəlxalq humanitar hüquq çərçivəsində qadağandır, qəbuledilməzdir və dərhal dayandırılmalıdır" deyilib.

Ukrayna prezidenti Volodimir Zelenski gecə çıxışı zamanı hücumdan danışmasa da, Rusiyanın son bir gün ərzində Ukraynanın 9 vilayətində 100-dən çox şəhər, qəsəbə və kəndi atəşə tutduğunu, Donetsk vilayətindəki hücumların isə "ən ağır və ən qəddar" olduğunu deyib.


Forum

XS
SM
MD
LG