Accessibility links

Antoni Blinken Afrika qitəsində səfərdədir


ABŞ Dövlət katibi Antoni Blinken çərşənbə axşamı deyib ki, Birləşmiş Ştatlar Afrika qitəsi boyunca tərəfdaşlıqlarını genişləndirməyə sadiqdir və gələcəkdə Afrika ölkələrini “qlobal nəticələrə səbəb olan məsələlərdə lider” görür.

Abidjandakı danışıqlardan sonra Fil Dişi Sahili Prezidenti Alassane Ouattara ilə birlikdə jurnalistlərə danışan Blinken müzakirələrin həm ABŞ, həm də Fil Dişi Sahilində iş yerləri yaratmaq və böyümək, habelə ictimai səhiyyə təşəbbüslərinə sərmayə qoymaq və regional təhlükəsizlik problemlərini həll etmək üçün artan ticarət əlaqələrini əhatə etdiyini deyib.

Blinken bildirib ki, Birləşmiş Ştatlar və Fil Dişi Sahili arasında “güclü və artan bir bağ var”. Blinkenin Fil Dişi Sahilinə səfəri ABŞ-ın ölkənin sabitliyindəki maraqlarını və 2025-ci il prezident seçkilərinə hazırlıqlarını əks etdirən bir addım kimi qiymətləndirilir.

ABŞ və beynəlxalq ictimaiyyət 2020-ci ildən bəri Mali, Burkina Faso, Qvineya və Nigerdə bir neçə dövlət çevrilişindən sonra Qərbi Afrikanın Böyük Səhraaltı bölgəsində sabitlikdən narahatdır.

Fil Dişi Sahili son illər çevrilişlər yaşayan üç ölkə ilə həmsərhəddir: 2021-ci ilin sentyabrında Qvineya, 2020-ci ilin avqust və may aylarında Mali, 2021-ci ilin may və 2022-ci ilin yanvar aylarında iğtişaşlar baş verib.

Birləşmiş Ştatlar Fil Dişi Sahili və onun qonşularına münaqişənin qarşısını almaq və regional təhlükələr fonunda sabitliyi təşviq etmək üçün 45 milyon dollarlıq maliyyə ayırdığını açıqlayıb. Bu töhfə 2022-ci ildən bəri Qərbi Afrikada ABŞ-ın sabitliyə yönəlmiş ümumi yardımını təxminən 300 milyon dollara çatdırır.

Blinken çərşənbə axşamı Fil Dişi Sahilindən Nigeriyaya gedir və orada Nigeriya Prezidenti Bola Tinubu və Xarici İşlər Naziri Yusuf Maitama Tuggar ilə danışıqlar aparmağa hazırlaşır.

Forum

XS
SM
MD
LG