Accessibility links

Azərbaycan nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırdığını bildirib


Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti üzvlüyü.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti üzvlüyü.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti bu qurumda iştirakını qeyri-müəyyən müddətə dayandırdığnı bildirib.

Nümayəndə heyəti yanvarın 24-də Strasburqda bəyanat yayaraq Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi ilə bağlı təşəbbüsün Azərbaycana qarşı aparılan qərəzli kampaniyanın bir hissəsi olduğunu qeyd edib. Bəyanatı mətbuat nümayəndələri qarşısında Azərbaycanın AŞPA-dakı missiyasına rəhbərlik edən Səməd Seyidov səsləndirib.

“Azərbaycanın tarixi qələbəsindən və ərazi bütövlüyünün bərpasından sonra Azərbaycanı ləkələmək və Azərbaycan xalqına qarşı inkar edilmiş ədalətin bərpası istiqamətində ölkənin nailiyyətlərinə kölgə salmaq üçün təşkil edilmiş qarayaxma kampaniyası ilə üz-üzəyik”, Səməd Seyidov qeyd edib.

Nümayəndə heyəti hesab edir ki, AŞPA bəzi üzv dövlətlərə hücumlar üçün platforma kimi istifadə olunur.

“Bəzi qərəzli qruplar AŞPA-nın əsas prinsiplərindən öz dar maraqları üçün sui-istifadə edirlər. AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbür, şovinizm üstünlük təşkil edən praktikaya çevrilib”, bəyanatda vurğulanır.

Səməd Seyidov əlavə edib ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin bu qurumda səlahiyyətlərinə etiraz etmək təşəbbüsü Azərbaycanda mövcud seçki prosesinə müdaxilə cəhdi və ölkədə demokratik təsisatları sarsıdan “məkrli addımların” nümunəsidir.

“Nümayəndə heyətimizin səlahiyyətlərinin təsdiqindən imtina təklifi bütövlükdə Avropa Şurasının nüfuzuna və qərəzsizliyinə ciddi zərbə olacaq və onun ciddi və geri dönməz nəticələrinə görə məsuliyyət tamamilə onun təşəbbüskarlarının üzərinə düşəcək”, bəyanatda qeyd edilir.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti AŞPA-da dözülməz irqçilik, azərbaycanfobiya və islamofobiyanın olduğunu vurğulayaraq AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırdığını bildirib və plenar iclası tərk edib.

Bazar ertəsi AŞPA-nın qış sessiyasının ilk günündə azərbaycanlı deputatların səəlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı təşəbbüs irəli sürülüb.

Təşəbbüs AŞPA-nın Almaniyadan olan deputatı Frank Şvabe tərəfindən Azərbaycanın nümayəndə heyətinin öhdəliklərini yerinə yetirməməsi və qurumla əməkdaşlıq etməməsi əsası ilə irəli sürülüb.

Frank Şvabe AŞPA-nın Azərbaycanda prezident seçkilərini müşahidə etmək üçün dəvət edilmədiyini, 2023-cü ildə Azərbaycanı ziyərət edən məruzəçilərin siyasi məhbusları, həmçinin Laçın dəhlizini ziyarət edə bilmədiyini qeyd edib.

Ötən gün AŞPA-nın Monitorinq Komitəsi məsələ ilə bağlı hesabat hazırlayaraq Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsini təklif edib.

Monitorinq Komitəsi buna səbəb kimi 20 ildən artıq bir müddətdə quruma üzv olmasına baxmayaraq, Azərbaycanın demokratiya, qanunun aliliyi və insan hüquqlarına hörmətlə bağlı götürdüyü öhdəliklərini yerinə yetirməməsini, habelə Azərbaycanın öhdəliklərinə zidd olaraq Assambleya ilə monitorinq proseduru üzrə əməkdaşlıq etməməsini göstərir.

Komitənin hesabatında həmçinin Azərbaycan siyasi məhbus problemi, Avropa Məhkəməsi qərarlarını icra edilməməsi, media və vətəndaş cəmiyyətinə qarşı təzyiqlər, son aylarda jurnalistlərin kütləvi həbsi və digər bir sıra məsələlər qeyd edilir.

AŞPA-nın plenar iclası bugün Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi ilə bağlı qərar verəcək. Qətnamə qəbul edilərsə, Azərbaycanın AŞPA-dakı missiyası ən az bir il müddətində Assambleyadan kənarlaşdırılacaq.

Forum

XS
SM
MD
LG