ABŞ ordusunun bildirdiyinə görə, Birləşmiş Ştatlar çərşənbə günü səhər tezdən təxminən iki saat ərzində İraq və Yəməndə İranın dəstəklədiyi hədəfləri, yaraqlıların İraqdakı qərargahını vurub və Yəməndə beynəlxalq gəmiçilik zolağına buraxılmağa hazır olan daha çox raketi sıradan çıxarıb.
ABŞ hərbi təyyarələri son günlər ABŞ və koalisiya qüvvələrinə qarşı bir sıra hücumlara cavab olaraq yerli vaxtla gecə yarısından sonra İraqda İranın dəstəklədiyi qüvvələri hədəf alıb.
ABŞ rəsmiləri bildirib ki, hava hücumları İraqın qərbindəki Kətaib Hizbullah və digər qrupların istifadə etdiyi üç obyekti hədəf alıb.
“Bu zərbələr KH [Kətaib Hizbullah] qərargahını, anbarını, raket və birtərəfli hücum İHA [pilotsuz hava vasitəsi] imkanları üçün təlim yerlərini hədəf alıb”, ABŞ qüvvələrinə nəzarət edən ABŞ Mərkəzi Komandanlığının bəyanatında deyilir.
ABŞ-ın müdafiə naziri Lloyd Ostin xəbərdarlıq edib ki, Vaşinqton lazım gəldiyi təqdirdə əlavə zərbələri istisna etmir.
"Biz regionda münaqişəni qızışdırmağa çalışmırıq. İnsanlarımızı və obyektlərimizi qorumaq üçün əlavə tədbirlər görməyə tam hazırıq. Biz bu qrupları və onların iranlı sponsorlarını bu hücumları dərhal dayandırmağa çağırırıq" - deyə, Ostin bildirib.
ABŞ-ın yeni zərbələri Əl-Qaim və Curf əl-Saxar şəhərlərindəki obyektləri və İraqın qərbindəki bir başqa məntəqəni hədəf alaraq İranın dəstəklədiyi yaraqlıların İraqın qərbindəki Əyn əl-Əsəd hava bazasına birtərəfli hücum dronları ilə hücumundan qısa müddət sonra həyata keçirilib.
ABŞ müdafiə rəsmisi Amerikanın Səsinə bildirib ki, oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı terror hücumundan sonra İraq və Suriyada ABŞ qüvvələrinə 150-dən çox hücum edilib, İraq və Suriyada ən azı 83 amerikalı yaralanıb. İki nəfərdən başqa hamısı vəzifə yerinə qayıdıb.
Baza şənbə günü də İraqın daxilindən atılan ballistik raketlərin atəşi ilə hədəf alınıb. Raketlərin əksəriyyəti vurulduğu halda Pentaqonun mətbuat katibi general-mayor Pat Rayder bazaya enişlərin dörd ABŞ əməkdaşının beyin travmasına səbəb olduğunu deyib.
ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, İraqda hücumdan iki saat sonra ABŞ hərbi qüvvələri husilərin Yəməndə atmağa hazırlaşdıqları iki anti-gəmi raketini məhv edib.
ABŞ Mərkəzi Komandanlığı ərazidə beynəlxalq gəmilərə təhlükə törədən raketlərin və bundan bir gün öncə digər raketin məhv edildiyini təsdiqləyib.
Rayderin sözlərinə görə, çərşənbə axşamı ABŞ qüvvələri tərəfindən daha bir gəmi əleyhinə raket çıxarılıb. Gəmi əleyhinə raket hücumlarından əvvəl hücumlar həyata keçirməyə çalışan və İranın dəstəklədiyi husilərin imkanlarını daha da aşağı salmaq üçün çərşənbə axşamı ABŞ və Britaniya döyüş təyyarələri, suüstü gəmilər və sualtı qayıqlar tərəfindən dəstəklənən Yəmənə bir sıra zərbələr endirmişdi.
ABŞ müdafiə rəsmiləri bildiriblər ki, zərbələr yeraltı anbar, həmçinin raket buraxılış məntəqələri və husilərin müşahidə imkanları ilə əlaqəli digər yerlər də daxil olmaqla, səkkiz yeri hədəf alıb.
Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antonio Quterreş "bütün tərəfləri uçurumdan geri çəkilməyə və regional münaqişənin dəhşətli insan dəyərini nəzərə almağa" çağırıb.
Qırmızı dəniz marşrutu ilə dünya dəniz nəqliyyatının təxminən 15%-i daşınır. Hücumlara görə böyük gəmiçilik şirkətləri gəmilərin istiqamətini dəyişdirərək Afrika ətrafında daha uzun və daha bahalı marşrutdan istifadə etməli olub.
Forum