Amerika rəsmisi bildirib ki, bu ayın əvvəlində Kirmanda 95 nəfərin ölümünə səbəb olan partlayışlardan əvvəl ABŞ hökuməti İrana İslam Dövləti qrupunun Əfqanıstandakı qolunun terror aktı törətməyə hazırlaşdığı barədə xəbərdarlıq edib.
Şərh etmək səlahiyyəti olmayan və kəşfiyyat məlumatlarını müzakirə etmək üçün anonimlikdə israr edən rəsmi ABŞ-ın digər hökumətləri potensial ölümcül təhlükələrə qarşı "xəbərdar etmək vəzifəsi" kimi uzunmüddətli siyasətinə əməl etdiyini deyib.
Rəsmi İranla diplomatik əlaqələri olmayan ABŞ-ın İŞİD-K kimi tanınan İŞİD-Xorasanla bağlı kəşfiyyat məlumatlarına dair xəbərdarlığı necə çatdırdığının təfərrüatını açıqlamayıb.
İran dövlət mediası ABŞ-ın Tehrana məlumat verdiyini etiraf etməyib və İranın BMT-dəki missiyası şərh sorğusuna hələ cavab verməyib.
İslam Dövləti qrupu yanvarın 3-də İranın paytaxtı Tehrandan təxminən 820 kilometr (510 mil) cənub-şərqdə yerləşən Kirmana hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
İkili kamikadze partlayışı 2020-ci ildə Bağdadda ABŞ-ın pilotsuz təyyarəsinin zərbəsi nəticəsində öldürülən İnqilab Keşikçiləri Qvardiyasının Qüds Ekspedisiya Qüvvələrinin lideri, general Qasım Süleymaninin anım mərasiminə qatılan ən azı 95 nəfərin ölümünə və onlarla adamın yaralanmasına səbəb olub.
O vaxtdan bəri İran İsrailin Qəzza zolağında HƏMAS-a qarşı müharibəsi fonunda hücuma görə ABŞ və İsraili günahlandırmağa çalışır.
İraq və Suriyaya raket zərbələri endirib. Daha sonra İrana öz zərbələri ilə cavab verən nüvə silahına malik Pakistana zərbələr endirib, İsrail-HƏMAS müharibəsinin qızışdırdığı bölgədə gərginliyi daha da artırıb.
İlk olaraq ABŞ-ın İrana xəbərdarlıq etdiyini “The Wall Street Journal”yazıb.
İŞİD-K 2021-ci ilin avqustunda ABŞ-ın Əfqanıstandan xaotik çıxarılması zamanı Kabil hava limanında 13 ABŞ əsgərinin və təxminən 170 əfqanın ölümünə səbəb olan intiharçı partlayışın arxasında olub.
Minlərlə üzvü olan İŞİD-K Talibanın ən qatı düşmənidir. Qrup Taliban hakimiyyəti ələ keçirdikdən sonra Əfqanıstanda və onun hüdudlarından kənarda hücumlar həyata keçirməkdə davam edir.
Forum