Accessibility links

Pakistan və İran siyasi və təhlükəsizlik əməkdaşlığını genişləndirmək barədə razılığa gəlib


Pakistan və İran bu ayın əvvəlində bir-birlərinin ərazilərində iddia edilən silahlı bazalara qarşı misli görünməmiş raket zərbələri mübadiləsindən sonra terrorla mübarizə üçün siyasi və təhlükəsizlik əməkdaşlığını genişləndirmək barədə razılığa gəlib.

Anlaşma Pakistanın xarici işlər naziri Cəlil Abbas Cilaninin iranlı həmkarı Hüseyn Əmirabdollahian ilə İslamabadda keçirdiyi görüşdən qaynaqlanıb.

Əmirabdollahianın sözlərinə görə, Pakistan və İran “davam edən təhlükəsizlik və kəşfiyyat əməkdaşlığını daha da gücləndirmək” üçün dərhal Turbat və Zahedan sərhəd şəhərlərində “əlaqə zabitlərini” yerləşdirməyə qərar veriblər. O deyib ki, İran və Pakistan bir-birinin “suverenliyinə və ərazi bütövlüyünə” “tam hörmət” edir.

O əlavə edib: “Biz bütün terrorçulara deyəcəyik ki, onlara ümumi təhlükəsizliyimizi təhlükəyə atmaq üçün heç bir fürsət verməyəcəyik”.

İranlı diplomat ətraflı məlumat vermədən, İran və Pakistanın sərhəd bölgələrində militantlara dəstək verən “üçüncü ölkələri” göstərib.

Hər iki xarici işlər naziri gələcəkdə hər hansı “anlaşılmazlığın” qarşısını almaq üçün ən yüksək nazirlik və hərbi səviyyələrdə müntəzəm görüşlər keçirməyə razılaşdıqlarını bildiriblər.

Tehran və İslamabad arasında hərbi gərginlik yanvarın 17-də İran təhlükəsizlik qüvvələrinin Pakistanın cənub-qərbindəki təlatümlü sərhəd əyaləti Bəlucistana Tehranın dediyi kimi, anti-İran sünni silahlı qruplaşması Ceyş əl-Adl və ya Ordusunun “istehkamları” olan ərazilərə hava zərbələri endirməsi ilə kəskinləşib.

Nüvə silahına malik olan Pakistan sərhədyanı müdaxiləni pisləyərək, iki uşağın öldüyünü və bir neçə mülki şəxsin yaralandığını bildirib.

Pakistanın Tehrandakı səfiri dərhal geri çağırılıb və İran səfirindən iki ölkə arasında planlaşdırılan bütün görüşləri dayandıraraq Pakistanı tərk etməsini istənilib.

İki ölkə gərginliyi azaltmağa razılaşdıqdan sonra öz səfirlərinə vəzifələrini bərpa etməyə icazə verib.

İran və Pakistan 900 kilometr uzunluğunda sərhədi bölüşür və müntəzəm olaraq bir-birini anti-dövlət militantlarının sərhədyanı hücumlar hazırlamaq üçün öz ərazilərindən istifadə etmələrinin qarşısını almaq üçün kifayət qədər iş görməməkdə günahlandırır.

Forum

XS
SM
MD
LG