Accessibility links

Güneyli fəal Rza Əsgəriyan cərimə cəzasına məhkum edilib


Güneyli fəal Rza Əsgəriyan
Güneyli fəal Rza Əsgəriyan

Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 1-ci şöbəsi sosial media fəalı Rza Əsgəriyanı 8 milyon tümən cərimə cəzasına məhkum edib.

Bölgədəki hüquq müdafiəçilərinin sosial mediada dərc etdikləri məhkəmə hökmünün surətinə əsasən, Rza Əsgəriyan Apellyasiya Məhkəməsində “İran İslam Respublikası rejiminə qarşı təbliğat fəaliyyəti göstərmək” və “İran İslam Respublikasının liderini təhqir etmək” ittihamlarından təqsirkar bilinərək, 8 milyon tümən pul cəzasına məhkum edilib.

Bundan əvvəl ilkin məhkəmə Əsgəriyanı “İran İslam Respublikasının liderini təhqir etmək” maddəsi ilə 5 ay həbs və “sistemə qarşı təbliğat fəaliyyəti göstərmək” ittihamı ilə 7 milyon tümən cərimə ödəməyə məhkum edib.

Apellyasiya Məhkəməsi Rza Əsgəriyanın şikayətini rədd edib, lakin həbs müddətinin azaldılması haqqında qanuna əsaslanaraq, fəalın həbs hökmünü qaldırıb və həbsi 8 milyon tümən cərimə ilə əvəz edib.

2021-ci ilin avqustunda Şərqi Azərbaycan vilayətində yerləşən Sarab şəhərinin sakini Rza Əsgəriyan təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi. O, sentyabrın 9-da təxminən bir ay nəzarətdə saxlandıqdan sonra 350 milyon tümənlik mülki girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Fars xəbər agentliyi bu barədə məlumat yayaraq, “Sarablılar” adlı İnstagram səhifəsinin rəhbərinin “mürəkkəb bir əməliyyatda” həbs edildiyini bildirmişdi. Həmin səhifə fəalın saxlanmasından qısa bir müddət sonra bağlanıb.

“Sarablılar” İnstagram səhifəsində türk dili, Azərbaycan mədəniyyəti haqqında və hökumətlə bağlı bəzi tənqidi məzmunlar yer alırdı. Bununla belə, Əsgəriyan həbs edildiyi zaman İran mediası səhifənin “təhlükəsizlik və dinə qarşı aşağılayıcı şərhlər” ehtiva etdiyini qeyd etmişdi.

Rza Əsgəriyan inşaat mühəndisliyi üzrə magistr təhsili alıb.

Forum

XS
SM
MD
LG