Accessibility links

Təbrizdə transgender yeniyetmə atası tərəfindən qətlə yetirilib


Təbriz
Təbriz

Təbrizdə ata 17 yaşlı transgender övladını öldürdükdən sonra özünü polisə təslim edib.

Rokna xəbər agentliyinin məlumatına görə, Təbrizdə bir ailədə ata Təbriz şəhəri yaxınlığında 17 yaşlı övladını öldürdükdən sonra polisə zəng edərək cinayətini etiraf edib. Onun hazırda həbsdə saxlanıldığı bildirilir.

Ölkədə baş verən hadisələrlə bağlı məblumatlar dərc edən “Rokna” xəbər agentliyi yalnız atanın açıqlamalarına istinad edib. Xəbər agentliyinə əsasən, atanın sözlərinə görə, Parsa adlı transseksual yeniyetmə spirtli içki və narkotikdən istifadə edib və bir neçə dəfə evdən qaçaraq günlərlə evə qayıtmayıb. Ata evdən qaçma hallarının birində övladını makiyajlı və saçı boyalı şəkildə tapdıqlarını ifadə edib.

Onun bildirdiyinə görə, dövlət rifah təşkilatı “Parsanın vəziyyətinə görə” onu qəbul etməkdən imtina edib. Xəbərdə Parsanın rifah təşkilatı tərəfindən qəbul edilməməsinin dəqiq və ətraflı səbəbi qeyd edilmir.

Atasının ifadəsinə görə, o, yeniyetmə oğlunun eyni cinslə cinsi əlaqə saxladığını biləndə onu öldürmək qərarına gəlib. Onun sözlərinə görə, əvvəlcə intihar etmək qərarına gəlsə də, bundan vaz keçərək uşağını öldürmək qərarına gəlib.

"Artıq bir həftə idi ki, o, evdən qaçmışdı, qəza günü onu tapıb Razi xəstəxanasına aparmaq bəhanəsi ilə evdən çıxardım, lakin xəstəxana əvəzinə Təbrizin ətraf bölgələrindən birinə aparıb öldürdüm. sonra polisə zəng edib onlara etiraf etdim" - deyə, o ifadə edib.

İranda LGBT fərdləri çox vaxt toplum tərəfindən təzyiq və ayrı-seçkiliklə üzləşirlər. İran hakimiyyəti transgender şəxsləri cinsiyyət dəyişdirmə əməliyyatları və sonradan cinsiyyətin dəyişdirilməsinə dair sənədlər ilə təmin etmək üçün bir proses tənzim edib. Bu, İranda transseksual şəxslərin cinsiyyətini qanuni olaraq dəyişməsinə şərait yaradıb. Bununla belə, bu siyasət tənqidlərə məruz qalıb. Bəzi insan haqları müdafiəçiləri bu prosesi məcburi və ya təzyiq altında olduğuna görə tənqid edirlər. Bundan əlavə, homoseksuallarla bağlı qanunların sərt karakter daşıması LGBT+ icmasının hüquqlarının müdafiəçiləri tərəfindən tənqid edilən digər məsələdir.

Forum

XS
SM
MD
LG