Accessibility links

HƏMAS və İsrail arasında yeni müvəqqəti atəşkəs haqda danışıqlar fonunda Qəzzada döyüşlər davam edir


İsrail cümə axşamı əsgərlərinin Qəzza zolağı boyunca HƏMAS militantları ilə döyüşdüyünü, Qəzzanın mərkəzi və şimalında onlarla döyüşçünü öldürdüyünü, İsrailin hava hücumları zamanı isə zolağın cənub hissəsində Xan Yunis yaşayış məntəqəsinin vuruduğunu bildirib.

Döyüşlər İsrail və HƏMAS arasında toqquşmaların qısamüddətli dayandırılması və HƏMAS tərəfindən saxlanılan məhbusların azad edilməsinə gətirib çıxaracaq təklif edilən yeni atəşkəslə bağlı danışıqlar fonunda davam edir.

Təklifin detalları bu həftənin əvvəlində Parisdə ABŞ, İsrail, Qətər və Misir rəsmiləri arasında aparılan danışıqlarda ortaya çıxıb. HƏMAS lideri İsmayıl Haniyənin planı müzakirə etmək üçün Qahirəyə gedəcəyi gözlənilirdi.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi çərşənbə günü Ağ Evdə keçirilən brifinqdə təklifin detalları ilə bağlı suala cavab verərkən razılaşmanın özü yekunlaşana qədər heç bir detalın nəhayi olmadığını deyib.

"Ümumi olaraq onu deyə bilərəm ki, hədəf uzunmüddətli pauzanın əldə edilməsidir", Kirbi jurnalistlərə bildirib. "Nə qədər? Bütün bunlar müzakirələrin bir hissəsidir, lakin noyabrda gördüyümüz təxminən bir həftədən daha uzundur”, o əlavə edib.

HƏMAS-ın 7 oktyabrda İsrailə qarşı törətdiyi terror aktı zamanı girov götürdüyü insanların təxminən 100-dən çoxu İsrail tərəfindən həbs edilən 240 fələstinlinin qarşılığında noyabrda atəşkəs zamanı azad edilib. HƏMAS-ın hələ də daha 100-ə yaxın girovu saxladığı güman edilir.

Kirbi atəşkəs daha uzun müddət davam edərsə, daha çox girovun Qəzzadan çıxarılmasının mümkün olacağını və daha uzun fasilənin həmçinin Qəzzada mülki şəxslər üçün humanitar yardım axınının artmasına da kömək edəcəyini bildirib.

HƏMAS daimi atəşkəs və İsrail qoşunlarının Qəzzadan tam çıxarılmasını çağırıb.

İsrail Qəzzanı idarə edən və ABŞ, Britaniya, Avropa İttifaqı və digərləri tərəfindən terror təşkilatı elan edilən HƏMAS-ı məhv edəcəyinə söz verib. İsrail HƏMAS-ın İsrailin verdiyi məlumata görə, əksəriyyəti mülki şəxslər olmaqla 1200-ə yaxın insanın ölümü ilə nəticələnən hücumundan qısa müddət sonra Qəzzada hücuma başlayıb.

Qəzzada HƏMAS-ın idarə etdiyi səhiyyə nazirliyi İsrailin əks-hücumunda ölənlərin sayının 26,900 nəfər olduğunu açıqlayıb. Nazirlik hesablamada mülki şəxslər və militantlar arasında fərq qoymur, lakin öldürülənlərin əksəriyyətinin qadın və uşaqlar olduğunu bildirir.

Birləşmiş Millətlər Təşkilatının Fələstinlilərə Yardım Agentliyi bildirib ki, bölgədəki gərgin müharibə nəticəsində son günlər 184 min insan humanitar yardım üçün qeydiyyatdan keçib və Aralıq dənizi sahillərinə yaxın yerlərə üz tutub.

Forum

XS
SM
MD
LG