Accessibility links

Lyuk Koffi: Bölgədə İranın hərəkətləri səbəbilə artıq genişmiqyaslı müharibə yaşanır


Lyuk Koffi: Bölgədə İranın hərəkətləri səbəbilə artıq genişmiqyaslı müharibə yaşanır
please wait

No media source currently available

0:00 0:05:09 0:00

Ötən həftə İordanıyanın şımal-şərqinə, Suriya sərhədi yaxınlığına edilən dron hücumu nəticəsində 3 ABŞ əsgəri həlak olub, 40-dan çox nəfər yaralanıb. Hadson İnstitutunun baş elmi işçisi Lyuk Koffi Amerikanın Səsinə mühasibədə ABŞ-ın mümkün cavab tədbirlərini və onun nəticələrini müzakirə edib.

Amerikanın Səsi: Cənab Koffi, Prezident Bayden İordaniyada ABŞ-ın üç hərbi qulluqçusunun ölümü ilə nəticələnən dron hücumuna cavab verməyi vəd edib. Vaşinqton bu hücuma görə İranı günhalandırır. ABŞ bu hücuma necə cavab verə bilər?

Lyuk Koffi: Prezident Baydenin qarşısında bir neçə variant var. Buradakı böyük sual onun qətiyyətli addım atıb-atmayacağıdır. Hücumdan artıq neçə gün keçib, amma İranın və ya İranın proksilərinin hədəflərində qarşı hər hansı zərbə endirilməyib. Və əslində, belə görünür ki, administrasiya zərbələrin yaxında endirilə biləcəyini bildirir və bu səbəblə də mən düşünürəm ki, mən iranlı və ya İranın dəstəklədiyi yarı-hərbi dəstə üzvü olsaydım, gizlənərdim və ya açıq-aşkar hədəflərdən uzaq durardım.

Amma Prezident Baydenin qarşısındakı variantlar İraq və Suriyadakı yarı-hərbi qruplara qarşı zərbələri məhdudlaşdırmaq, daha güclü tədbirlər görmək və İran daxilindəki hərbi obyektlərə birbaşa hücum etmək və ya İranın dəniz qüvvələrinə zərbə endirməkdir. Ancaq son iki variant çox riskli olar və mən Ağ Evin belə tədbirlər görəcəyinə çox şübhə edirəm.

Amerikanın Səsi: ABŞ Yəməndə husilərə qarşı bir neçə dəfə hava zərbəsi endirib, amma belə görünür bu zərbələr Qırmızı dəniz və Ədən körfəzində gəmilərə hücumların qarşısını almaqda müvəffəq olmayıb. Bunu nəzərə aldıqda, siz ABŞ-ın ən son dron hücumuna cavabının gələcəkdə belə hücumların qarşısını almaqda müvəffəq olacağını gözləyirsinizmi?

Lyuk Koffi: Bayden administrasiyası öz siyasətini dəyişdirməyənə və mənalı hədəfi vurmağa qərar verməyənə qədər, yəqin ki, yox. Məsələn, Prezident Tramp Qasım Süleymanini vurub öldürəndə, bu, İranı çəkindirici mövqeyə saldı və mənim fikrimcə, Yaxın Şərqdə balansı bərpa etdi. Mən Prezident Baydenin belə qətiyyətli addım atacağına şübhə edirəm. Onun indiyə qədər gördüyü tədbirlərə baxın – Əfqanıstandan geri çəkilməsi uğursuzluqla nəticələndi. Ukraynanı təkcə Rusiyanın işğalına tab gətimək deyil, qələbə çalması üçün ehtiyacı olan silahlarla təmin etməklə bağlı tərəddüd və qərarsızlıq da İran kimi ölkələr siqnal göndərir ki, bəlkə də bu administrasiya öz hərəkətlərində qətiyyətli olmayacaq. Ona görə də, biz qətiyyətli olmayanadək iranlıların, onların yarı-hərbi qruplarının və onların proksilərinin hücumları davam etdirəcəyini gözləyə bilərik.

Amerikanın Səsi: Co Bayden İranın məsuliyyət daşıyıb-daşımadığına dair suala cavabında deyib ki, Tehran bu proksi qrupları silahlandırır. “Mən onları cavabdeh tuturam, ona görə ki, onlar bunu edən insanları silahla təchiz edirlər,” o deyib. Eyni zamanda isə o bildirib ki, ABŞ Yaxın Şərqdə daha geniş müharibə istəmir. Sizcə, bu müharibənin yayılma riski varmı?

Lyuk Koffi: Müharibə onsuz da yayılıb. Yaxın Şərqdə artıq genişlənmiş müharibə var. O çox şiddətli olmaya bilər, amma şübhəsiz ki, oktyabrın 7-dən bəri genişlənib. Yəməndə və Qırmızı dənizdə husilərlə olanlara baxın, oktyabrdan bəri İraq və Suriyada ABŞ qüvvələrinə qarşı 200-dən çox hücumlara baxın. Ona görə də, mən bu administrasiya müharibənin yayılmasınınistəmədiyini deyəndə nəyi nəzərdə tutduğunu başa düşmürəm. Müharibə onsuz da yayılıb. İndi çəkindirici mövqeni bərpa etmək üçün mütənasib və məsuliyyətli şəkildə qətiyyətli tədbirlər görmək vaxtıdır. Bölgənin ehtiyacı olduğu ən son şey böyük müharibədir. Ancaq bölgənin özündə İranın hərəkətləri səbəbilə artıq genişmiqyaslı müharibə yaşanır.

Amerikanın Səsi: İran, İordaniyada ABŞ-ın üç əsgərinin ölümü ilə nəticələnən dron hücumunda əli olduğunu inkar edir. Tehranın təkzibinə nə dərəcədə etibar etmək olar? Və sizin fikrinizcə, İran proksi qruplar üzərində nə dərəcədə nəzarətə malikdir?

Lyuk Koffi:

Hec də inandırıcı deyil. İran Rusiyaya Ukraynada istifadə oluna biləcək dronlar verdiyini də inkar edir. Amma onların mövcud olduğunu və istifadə edildiyini göstərən yüzlərlə şəkil və video var. Ona görə də də onlar heç də etibarlı deyil. Və 1979-cu ildə hakimiyyətə gələndən bəri heç nə İran İslam Respublikasının beynəlxalq səhnədə, xüsusilə Qərbə, xüsusilə də ABŞ-a etibarlı tərəfdaş ola biləcəyini nümayiş etdirməyib.

Malik olduqları nəzarətin miqyası söyləmək çətindir və mən bunun müxtəlif qruplara görə dəyişdiyini düşünürəm. Yaxın Şərqdəki bəzi proksi qruplar üzərində çox güman ki, çox, digərləri üzərində isə daha az nəzarətə malikdirlər. Bəlkə də bu, birbaşa deyil, amma onların gərginlikləri artırmaq imkanları var. Bunu bir növ qaz sobası kimi düşünə bilərsiniz. Bəlkə də, istədiyiniz dəqiq temperaturu əldə edə bilmirsiniz, amma düyməni çevirərək, istədiyiniz kimi, daha isti və ya daha soyuq temperatur əldə edə bilərsiniz. İran da Yaxın Şərqdəki yarı-hərbi qruplarla bunu edə bilər.

Forum

XS
SM
MD
LG