ABŞ ötən bazar günü İordaniyada Amerika bazasına ölümcül dron hücumuna cavab olaraq cümə günü İran İnqilab Keşikçiləri Korpusu və onun İraq və Suriyadakı proksiləri ilə əlaqəsi olan 85-dən çox hədəfə hava zərbələri endirib.
Kütləvi zərbələr yeddi obyekti, o cümlədən komanda və idarəetmə qərargahlarını, kəşfiyyat mərkəzləri, raketlər, pilotsuz uçuş aparatları anbarları, döyüş sursatlarının saxlanması yerləri və digər obyektləri hədəf alıb.
Prezident Co Bayden deyib ki, zərbələr “bizə zərər vurmaq istəyənlərin hamısına” nümayiş etdirir ki, “əgər amerikalıya xətər yetirsəniz, biz cavab verəcəyik.”
ABŞ-ın Mərkəzi Komandanlığının məlumatına görə, cavab zərbələri nəticəsində 40-a yaxın adam ölüb, təxminən 23 nəfər yaralanıb. ABŞ ordu rəsmilərinin sözlərinə görə, əməliyyata ABŞ-dan uçan və 125-dən çox dəqiq döyüş sursatı istifadə edən uzaqmənzilli B-1 bombardmançıları daxil olub.
ABŞ rəsmisi şənbə günü bildirib ki, ilkin dəyərləndirmə ABŞ-ın nəzərdə tutduğu hədəflərdən hər birini vurduğunu göstərib.
“Biz tam olaraq vurmaq istədiyimizi vurduq,” Birgə Qərargahlar Rəisinin əməliyyatlar üzrə direktoru vəzifəsini icra edən ABŞ ordusunun general-leytenantı Duqlas Sims deyib. O, havadan zərbələrin təxminən 30 dəqiqə çəkdiyini bildirib və deyib ki, vurulan obyektlərdən 3-ü İraqda, 4-ü isə Suriyada olub.
Britaniyada qərargahlanan Suriya İnsan Haqları Müşahidə Qrupunun rəhbəri Rami Əbdürrəhman Suriyaya hücumlar nəticəsində hamısı sıravi döyüşçülər olmaqla 23 nəfərin həlak olduğunu deyib. İraq hökumətinin sözçüsü Bassim əl-Avadi isə şənbə günü verdiyi açıqlamada İraqda, Suriya sərhədi yaxınlığına endirilən zərbələr nəticəsində mülki vətəndaşlar da daxil olmaqla 16 nəfərin öldüyü, evlərə və şəxsi mülklərə “əhəmiyyətli ziyan” dəydiyi bildirib.
ABŞ rəsmilərinin sözlərinə görə, İrana deyil, amma İraqa zərbələrdən əvvəl məlumat verilib.
“Bu, cavabımızın başlanğıcıdır,” müdafiə naziri Lloyd Austin açıqlamasında deyib. “Biz Yaxın Şərqdə və ya başqa yerdə münaqişə axtarmırıq, lakin prezident və mən Amerika qüvvələrinə hücumlara dözümlülük göstərməyəcəyik.”
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani iddia edib ki, hava hücumları Suriya və İraqın “suverenliyi və ərazi bütövlüyünün pozulması”dır və bu, “ABŞ-ın daha bir avantürist və strateji səhvidir ki, bu da regionda gərginliyin və qeyri-sabitliyin artması ilə nəticələnəcək.”
İraqda İranın dəstəklədiyi əsas silahlı qruplaşmalardan biri olan Hərəkat əl-Nucabanın sözçüsü Hüseyn əl-Musəvi Bağdadda Associated Press-ə verdiyi müsahibədə ABŞ-ın zərbələrini pisləyib, ancaq o, daha barışdırıcı tonla çıxış edərək, “biz regional gərginliyi artırmaq və ya genişləndirmək istəmirik” deyib.
Nümayəndələr Palatasının spikeri Mayk Conson Bayden administrasiyasının cavab hücumunu bir həftə gec başlatmasını tənqid edib.
“Təəssüf ki, administrasiya bir həftə gözlədi və cavabımızın xarakterini dünyaya, o cümlədən İrana teleqrafla çatdırdı,” Conson açıqlamasında bildirib. “İctimai naratlıq nümayişi və həddən artıq siqnal göndərmək son bir neçə ayda baş verən hücumlar silsiləsinə qətiyyətlə son qoymaq qabiliyyətimizi zəiflədir.”
Senatın Silahlı Qüvvələr Komitəsinin demokrat sədri, senator Cek Rid Consonla razılaşmır.
“Bu zərbələr, müdrik diplomatiya ilə birlikdə, ABŞ-ın personalı və maraqlarımızı qorumaq üçün müvafiq tədbirlər görməyə davam edəcəyinə dair aydın siqnaldır,” o deyib.
Panelin yüksək səviyyəli respublikaçı senatoru Rocer Viker, Baydenin gördüyü tədbirin çox az və çox gec olduğunu söyləyib.
“Bu hərbi zərbələr alqışlanır, lakin ölən üç cəsur amerikalı və 50-yə yaxın yaralı üçün çox gecdir”, Viker deyib. “İran və onun proksiləri 165 dəfə Amerika əsgərlərini öldürməyə və döyüş gəmilərimizi batırmağa cəhd edib, Bayden administrasiyası isə minimumu etdiyinə görə özünü təbrik edir. Ayətullaha layiq olduğu ziyanı vurmaq əvəzinə, əlinə sillə vurmağa davam edirik.”
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi jurnalistlərə “yaxın günlərdə əlavə cavab tədbirləri görüləcək” deyib.
Adının anonim qalması şərtilə Amerikanın Səsinə danışan ABŞ ordusunun rəsmisi deyib ki, bəzi iranlı əməliyyatçılar və yarı-hərbi dəstə üzvləri hücumlarda həlak olmuş ola bilsə də, zərbələrin məqsədi bu deyildi.
Kirbi ABŞ-ın əlavə zərbələrinin məqsədinin də eyni olacağına işarə edib.
Ötən həftə İordaniyada Tower 22 bazasında hücum nəticəsində ABŞ-ın üç əsgəri ölüb, 40-dan çoxu yaralanıb. Kirbinin dediyinə görə, hücumdan bəri ABŞ-la İran arasında hər hansı kommunikasiya olmayıb.
Forum