Accessibility links

Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başa çatıb


2024-ci il Azərbaycan prezident seçkiləri.
2024-ci il Azərbaycan prezident seçkiləri.

Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başa çatıb.

Azərbaycan Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına 2024-cü il yanvarın 15-i başlanılıb və təşviqat fevralın 6-sı saat 8.00-da dayandırılıb.

Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri üzrə səsvermə keçiriləcək. Səsvermə sabah Bakı vaxtı ilə saat 8-də başlayacaq və saat 19-da başa çatacaq.

Seçici siyahılarına 6 milyon 478 min 623 seçici daxil edilib. Seçicilərin səsverməsi üçün 6537 seçki məntəqəsi təşkil edilib. Bu barədə Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 6-da keçirdiyi mətbuat konfrasında bildirib.

Onun sözlərinə görə, 37 xarici ölkədə 49 seçki məntəqəsi yaradılıb.

"Həmin məntəqələrdə artıq 23 minə yaxın seçici siyahıya alınıb”, Pənahov qeyd edib.

MSK sədrinin sözlərinə görə, 30 ildən sonra Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış bütün ərazilərində ilk dəfə səsvermə keçiriləcək.

Seçkiləri izləmək üçün ümumilikdə 90,000-dən artıq müşahidəçi qeydə alınıb.

Pənahov bildirib ki, onlardan 5,405-i MSK, 83,961-i isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib.

“Onlardan 790 nəfəri beynəlxalq müşahidəçilərdir, 72 beynəlxalq təşkilatı təmsil edir. Artıq tam tərkibdə müşahidəçilər burdadır. 266 nəfər ATƏT-dən olan müşahidəçi var. MDB və digər qurumlardan da müşahidəçilər var. TÜRK PA nümayəndələri də burada iştirak edir," Pənahov qeyd edib.

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində prezidentlik uğrunda 7 namizəd mübarizə aparır. Bunlar hazırki prezident İlham Əliyev, Milli Məclisin deputatı Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa, Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Fuad Əliyevdir.

Azərbaycanın müxalifət partiyaları Müsavat və Klassik Xalq Cəbhəsi Partiyası seçkilərdə iştirak etmir, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə seçkiləri boykot edir.

ATƏT 2018-ci ilin aprelində növbədənkənar prezident seçkilərinin məhdudlaşdırıcı siyasi mühitdə, fundamental hüquq və azadlıqları məhdudlaşdıran qanunlar çərçivəsində keçirildiyini bildirmişdi.

“Məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit Azərbaycanın parlament seçkilərində həqiqi rəqabətin qarşısını alıb”, 2020-ci ilin fevralında növbədənkənar parlament seçkilərini beynəlxalq missiya belə qiymətləndirmişdi.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Seçki Müşahidə Missiyası (SMM) Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı aralıq hesabatını açıqlayıb.

Hesabatda qeyd edilir ki, seçkilərə qatılan altı namizəd keçmişdə prezidenti açıq şəkildə dəstəkləyib

Azərbaycanın hazırkı lideri İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti seçilib. O, həmçinin 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da, 2018-ci il aprelin 11-də prezident seçkilərində qalib olub.

Azərbaycan Konstitusiyasına görə, Azərbaycan Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.

Forum

XS
SM
MD
LG