İranda 2022-ci ilin sentyabr ayında hökümət əleyhinə başlayan geniş etirazlarla əlaqədar mühakimə olunan idmançı və siyasi fəal Meysəm Şirini Heydərli məhkum olduğu bir illik həbs cəzasına çəkmək üçün Urmiyə həbsxanasına göndərilib.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, fəalın ailəsi onun bazar günü Urmiyənin mərkəzi həbsxanasına köçürüldüyünü bildirib.
İran İnqilab Məhkəməsi Heydərlini “İslam Cümhuriyyəti nizamına qarşı təbliğat fəaliyyəti” göstərmək ittihamı ilə bir il həbsə məhkum edib.
Şirini 2022-ci ilin noyabr ayında kütləvi etirazların davam etdiyi günlərdə İslam İnqilabı Qvardiyası (Sepah) qüvvələri tərəfindən nəzarət altına alınıb və təqribən 2 həftə sonra müvəqqəti olaraq sərbəst buraxılmışdı.
Siyasi fəal keçən iyul ayında da kəşfiyyat nazirliyinin qüvvələri tərəfindən həbs edilib və bir ay nəzarətdən sonra mülki zəmanət qarşılığında azad edilmişdi.
HRA agentliyi Meysəm Şirini Heydərlinin keçmiş illərdə də fəaliyyətləri səbəbilə İran məhkəmələri tərəfindən məhkum olunduğunu bildirib.
Forum