Azərbaycanda 6 yaşlı oğlan qızılcadan vəfat edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Amerikanın Səsinə məlumatı təsdiq edib.
“Maşxan kənd sakini, 2018-ci il təvəllüdlü azyaşlı oğlana Astara Rayon Mərkəzi Xəstəxanasının (Bakıdan 284 kilometr cənub) müvafiq şöbələrində müayinə və analizlərdən sonra qızılca diaqnozu qoyulub. Ona müvafiq tibbi xidmətlər göstərilib, profilaktik infuziya tətbiq edilib və xəstədə ağır əlamətlər müşahidə olunmadığından ambulator müalicə üçün evə buraxılıb. Fevralın 8-də xəstəxananın Təcili tibbi yardım şöbəsinə daxil olan çağırış əsasında təhkim olunan briqada tərəfindən çağırış ünvanında azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb”, TƏBİB Amerkanın Səsinin sorğusuna cavabda qeyd edib.
Məlumatda həmçinin xəstənin qızılcaya görə peyvənd olunmadığı deyilir.
Dövlət Statistika Komitəsindən Amerikanın Səsinin sorğusuna cavabda bildiriblər ki, ötən ilin 11 ayı ərzində Azərbaycanda 1 493 nəfər qızılcaya yoluxub. 2022-ci ildə isə cəmi bir hal qeydə alınmışdı.
Yerli medianın məlumatına görə, son aylarda qızılcadan azı 9 nəfər ölüb.
Azərbaycan Səhiyyə Nazirliyi həssas əhali qruplarını qızılca infeksiyasına qarşı peyvənd olunmağa çağırıb.
Forum