Accessibility links

Netanyahu qurudan hücumdan əvvəl fələstinlilərə Rəfahda "təhlükəsiz dəhliz" vəd edir


İsrailin baş naziri Benyamin Netanyahu İsrailin HƏMAS militantlarına qarşı planlaşdırdığı quru hücumu öncəsi on minlərlə fələstinli üçün Qəzzanın ən cənubundakı Rəfah şəhərindən “təhlükəsiz dəhliz” vəd edir, ancaq köçkün fələstinlilərin hara gedəcəyi bəlli deyil.

Netanyahu bazar günü ABC-nin “This Week” verilişində yayımlanan müsahibəsində İsrail əsgərlərinə Rəfahda HƏMAS-ın dörd batalyonuna hücum əmri vermək niyyətində olduğunu bir daha bəyan edərək bildirib ki, Misir sərhədi yaxınlığındakı şəhəri militantlardan təmizləmədən Qəzzada qələbəyə nail olmaq mümkün deyil.

Qəzzanın 2,3 milyon əhalisinin yarısından çoxunun ərazinin cənub bölgəsində sıxışdırıldığı bir vaxtda Netanyahunun beynəlxalq tənqidçiləri İsrailin qurudan hücumu ehtimalından narahat olduqlarını bildiriblər.

Benyamin Netanyahu
Benyamin Netanyahu

Bir çoxunun artıq müvəqqəti çadırlarda sığındığı fələstinlilərin hara gedəcəkləri sualına, Netanyahu yalnız İsrail rəsmilərinin “ətraflı plan hazırladığını” cavabla kifayətləndi.

Bəzi dünya rəsmiləri İsrailin Rəfahdakı müharibə planı və oradakı fələstinlilər üçün təhlükəsizlik vədi ilə bağlı dərin narahatlıqlarını ifadə edirlər.

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterres, İsrail Müdafiə Qüvvələrinin şəhərə hücumunu genişləndirəcəyi təqdirdə "nəhəng faciə" riskinin olacağını söylədi.

“Biz heç bir şəkildə məcburi köçkünliyi dəstəkləməyəcəyik ki, bu da beynəlxalq hüquqa ziddir” - Quterreşin sözçüsü cümə günü jurnalistlərə Rəfahın potensial təxliyəsi ilə bağlı deyib.

İsrail BMT-nin yardım agentliyinin altında HƏMAS tunelləri aşkar edib

İsrail qüvvələri bir qismi Birləşmiş Millətlər Təşkilatının Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Qəzzadakı qərargahının altından keçən yüzlərlə metr uzunluğunda tunel şəbəkəsi aşkarlayıblar. İsrail qüvvələri bunu HƏMAS militantlarının Fələstinlilərə yardım göstərən əsas təşkilatın altında qazma işləri aparması ilə bağlı yeni sübut adlandırıblar.

İsrail ordusunun mühəndisləri xarici xəbər agentliklərinin müxbirlərini aşkarlanan tuneldən keçiriblər. Onlar Birləşmiş Millətlər Təşkilatının tikililərinin kənarında yerləşən məktəbin yanındakı şaxtaya enərək, betonla örtülmüş tunelə daxil olublar.

Tura rəhbərlik edən ordu polkovnik-leytenantının dediyinə görə, isti, dar və bəzən dolanan keçiddə 20 dəqiqə getdikdən sonra onlar UNRWA qərargahının altına çatdılar.

Hərbçilər bildiriblər ki, 700 metr uzunluğunda, 18 metr dərinlikdə olan tunel bəzən ikiyə bölünür və yan otaqları görmək mümkün olur. Orada boşaldılmış polad seyfləri olan ofis sahəsi, kafelli tualet var idi. Böyük bir otaq kompüter serverləri ilə, digəri isə sənaye batareyaları ilə dolu idi.

"Hər şey buradan həyata keçirilirdi. Keçdiyiniz tunellər üçün bütün enerji buradan verilir", deyə soyadını bildirməyən İdo adlı polkovnik-leytenant bildirib.

İdo HƏMAS militantlarının İsrail Müdafiə Qüvvələri irəliləyərkən təxliyə edildikləri göründüyünü bildirib və əlavə edib ki, onlar öncə UNRWA qərargahının zirzəmisinin döşəməsindən keçən rabitə kabellərini kəsiblər.

Belə görünürdü ki, militantların getməsində İsrailin tədbibləri və davamlı qış yağışları da rol oynamış ola bilər. Tunelin bir neçə hissəsi diz hündürlüyündə su ilə tıxanıb.

Forum

XS
SM
MD
LG