Accessibility links

Azərbaycan Daxili İşlər Nazirliyinin zabitinin İranın xeyrinə casusluqda günahlandırıldığı bildirilir


Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Xüsusi İdarəsinin baş kəşfiyyatçısı, polis polkovnik-leytenantı Tərlan Abbaszadənin dövlətə xəyanət ittihamı ilə həbs olunduğu bildirlir. Meydan.tv internet nəşrinin yazdığına görə, Abbaszadə İranın xüsusi xidmət orqanı ilə gizli əməkdaşlıqda ittiham edilir.

İddia olunur ki, Tərlan Abbaszadə İranın xüsusi xidmət orqanının əməkdaşı ilə mütəmadi görüşüb, sirr sayılan bir sıra məlumatları ona çatdırıb. Həmin şəxsin eyni zamanda, İranın Azərbaycandakı səfirliyində çalışdığı bildirilir. İttihama görə, polis polkovniki bu əməkdaşlıq müqabilində ondan pul alıb.

Meydan TV-nin əldə etdiyi məlumata görə, 1984-cü il təvəllüdlü Tərlan Abbaszadə 2007-2022-ci illərdə daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləyib. Onu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb. Onun işi üzrə istintaq da DTX-nın İstintaq Baş İdarəsində aparılıb.

Tərlan Abbaszadə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ona qarşı irəli sürülmüş ittihamı qəbul etmir. O, özünü təqsirli bilmir. Məhkəmə isə onun təqsirli olması nəticəsinə gəlib və 17 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Tərlan Abbaszadənin yaxınları və vəkili bu məlumatla bağlı hələ şərh verməyib.

Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat xidməti yayılan məlumatla bağlı Amerikanın Səsinin sorğusuna cavab verməyib.

Forum

XS
SM
MD
LG