Accessibility links

Azərbaycan Prezidenti hökumətinin tərkibini təsdiq edib


İlham Əliyev (Mənbə: Prezident Administrasiyası)
İlham Əliyev (Mənbə: Prezident Administrasiyası)

Azərbaycan prezidenti Əli Əsədovu yenidən baş nazir təyin edib. Prezidentin sərəncamı ilə həmçinin hökumətin köhnə tərkibi yenidən təsdiq edilib. Yeni hökumətin tərkibində ədliyyə nazirinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin adı yoxdur.

Bundan öncə Milli Məclis Əsədovun Baş nazir vəzifəsinə təyinatına razılıq verib. Deputatların 105 nəfər lehinə, 1 nəfər isə əleyhinə səs verib.

Əli Əsədov
Əli Əsədov

Əsədov bildirib ki, növbəti dövrdə hərbi sahədə bir çox nailiyyətlərin əldə edilməsi və sərhədlərin toxunulmazlığının təmini prioritet məsələ olacaq.

"Növbəti dövrdə hərbi sahədə bir çox nailiyyətlərin əldə edilməsi, sərhədlərin toxunulmazlığının təmini əsas prioritet məsələ olacaq. Sosial sahədə inkişaf dövlət başçısının hər zaman diqqət mərkəzində olub", o Milli Məclisdəki çıxışında qeyd edib.

Onun fikrincə, gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün hökumətin prioritetlərindən biri də yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır.

“Bunun üçün müasir təhsilin, sağlam cəmiyyətin, idmanın, mədəniyyətin, innovasiyaların təşviq edilməsi əsas şərtdir. Bütün bunlara nail olmaq üçün müasir çağırışlara cavab verən dayanıqlı və güclü iqtisadiyyatın, o cümlədən qeyri-neft iqtisadiyyatının sürətli inkişafı, maliyyə müstəqilliyinin daha da gücləndirilməsi təmin edilməlidir”, Əsədov qeyd edib.

Bununla yanaşı, Azərbaycanın müxalifət liderləri hökumətin yeni inkişaf prioritetlərini həyata keçirəcəyinə inamır.

Pənah Hüseyn
Pənah Hüseyn

Pənah Hüseyn: Siyasi hakimiyyətin və iqtisadi qüdrətin bir əldə cəmləşməsi aradan qaldırılmalıdır

Azərbaycanın keçmiş baş naziri, Xalq Partiyasının sədri Pənah Hüseyn Amerikanın Səsinə bildirib ki, Azərbaycanın iqtisadi strategiyasını baş nazir deyil, prezident müəyyən edir.

Pənah Hüseyn: Siyasi hakimiyyətin və iqtisadi qüdrətin bir əldə cəmləşməsi aradan qaldırılmalıdır
please wait

No media source currently available

0:00 0:05:22 0:00

“Baş nazirin parlamentdəki çıxışı daha doğrusu prezidentin inaqurasiya mərasimindəki çıxşının təkrarıdır. Əsədovun hərbi təhlükəsizliyin təminatı, sərhədlərin təhlükəsizliyi, sosial-iqtisadi inkişaf, yeni texnologiyaların tətbiqi barədə dediklər prezidentin dedikləri tezislərin ümumiləşdirilmiş formada təkrarıdır”, o qeyd edib.

Keçmiş baş nazir hesab edir ki, son dövrlər ölkədə liberal iqtisadiyyat baxımından müəyyən səylər göstərilir.

“Prinsip etibarı ilə Azərbaycanda ilkin kapital yığımı əsasən başa çatıb. O baxımdan məmur-oliqarx sistemi, o cümlədən də iqtisadi idarəçilikdə bunun son qalıqları aradan qaldırılmalıdır. Ümumiyyətlə siyasi hakimiyyətin və iqtisadi qüdrətin bir əldə cəmləşməsi aradan qaldırılmalıdır ki, həqiqi rəqabətli iqtisadi sistemə keçid baş versin. İqtisadiyyat məmurların, o cümlədən siyasi hakimiyyətin monopoliyasından çıxarılmasa iqtisadiyyatın yeni bir mərhələyə keçirilməsi mümkün olmayacaq”, o qeyd edib.

Hüseyn hesab edir ki, siyasətdə olduğu kimi iqtisadiyyatda da avtoritarizm əsas aparıcı yer tutur.

“Bu da şübhəsiz iqtisadiyyatın inkişafında problemlər yaradır”.

Keçmiş baş nazir həmçinin hökumətin tezislərinin doğru olduğunu deyir.

“Azərbaycan karbohidrogen təchizatçısı olan ölkədən yeni texnologiyaların tətbiqi ilə istehsalçı ölkəyə çevrilməlidir. Bunun üçün prezidentin də, baş nazirin də çıxışlarında tezislər səslənir. Amma bunun üçün dünyadakı iqtisadi proseslərə bir resurs ölkəsi kimi yox, tamamilə fərqli formada inteqrasiya olunmalıyıq. Əslində dünyadakı qlobal böhran dövründə Azərbaycan iqtisadiyyatının imkanlarını saxlamaq, onu iflasdan xilas etmək və bunun cəmiyyətin sosial durumunun yaxşılaşdırılmasına xidmət etməsini təmin etmək lazımdır”, o belə hesab edir.

Pənah Hüseynin fikrincə, iqtisadi prioritetlərin həyata keçirilməsi üçün ilk növbədə siyasi idarəçilikdə köklü dəyişikliklərə ehtiyac var.

“Yeni mərhələdə iqtisadi siyasətə güclü parlament nəzarətini təmin etməsək, yəni həqiqi güclü ictimai etimada malik olan parlament nəzarətini təmin etməsək bu bəyanatlar bəyanat olaraq qalacaq”, o qeyd edib.

Onun firkincə, bunun üçün ilk növbədə konstitusiyada dəyişkliklər edilməli və mülkiyyətə qarantiya təmin edilməlidir.

Əli Kərimli
Əli Kərimli

Əli Kərimli: Qarşıdakı illərin real prioriteti ölkəni qapanmaya aparmaq olacaq

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Amerikanın Səsinə bildirib ki, Azərbaycanda hazırda super prezidentlik üsul-idarəsi var.

“Hətta ümumiyyətlə konstitusiyadan da əlavə tək adamın hakimiyyəti var. Belə ölkələrdə iqtisadi siyasətin prioritetlərini də baş nazir yox, dövlət başçısı özü müəyyənləşdirir. Bu gün Əli Əsədov Milli Məclisdə çıxışı zamanı da vurğulayıb ki, əslində Azərbaycanın iqtisadi inkişafının prioritetləri İlham Əliyevin andiçmə mərasimindəki çıxışında müəyyənləşib. Nədən ibarətdir bu prioritetlər? Hansılardan ki, Əli Əsədov yan keçə bilməz. O da bunları təkrarlayıb”, o qeyd edib.

Əli Kərimli: Qarşıdakı illərin real prioriteti ölkəni qapanmaya aparmaq olacaq
please wait

No media source currently available

0:00 0:05:37 0:00

Kərimli hesab edir ki, İlham Əliyevin andiçmə mərasimindəki çıxışı Azərbaycanın bundan sonra daha da sürətlə özünə qapanması siyasətini anons edib.

“Azərbaycanın Avropa Birliyi, ABŞ, qərb dünyası ilə konfrantasiya siyasətini davam etdirəcəyi anons edilib. Bu artıq bəri başdan o deməkdir ki, Azərbaycanın iqtisadiyyatı şaxələndirmək, ölkəyə investisiya, texnologiya cəlb etmək imkanları məhdudlaşacaq və İlham Əliyevin ölkəni iqtisadi açılıma apamaq planı yoxdur”.

Onun sözlərinə görə, ikinci prioritet olaraq İlham Əliyev yenə də müharibədən, silahlanmadan danışıb.

“Yenə də yaxın illərdə ölkənin əsas prioriteti “nə hərb-nə sülh” vəziyyətini davam etdirmək olacaq. Ölkənin resurslarının böyük hissəsinin silahlanmaya cəlb edilməsi olacaq. Bu da onu göstərir ki, Əli Əsədovun nə düşünməsindən asılı olmayaraq millitartizasiya, orduya çox milyardların xərclənməsi qarşıdakı illərdə əsas prioritet olacaq”, Kərimli qeyd edib.

O deyib ki, növbəti prioritet Azərbaycanın işğaldan azad edilmiş regionlarının bərpasına böyük vəsaitlərin qoyulması olacaq.

“Azərbaycanın iqtisadi imkanları ildən-ilə azalır. Neft istehsalı və ixracı azalır. Ötən il neft istehsalı 2010-cu ildəki ən yüksək həddən 70 faiz aşağı düşüb. Ona görə də ölkənin neft gəlirləri də azalır. Baxmayaraq ki, son illərdə neftin yüksək qiyməti bu zərəri bir qədər kompensasiya edir. Azalmış vəsaitin əsas hissəsi hərbiyə və azad edilmiş torpaqların bərpasına yönəldiyinə görə ümumiyyətlə iqtisadi inkişaf prioritet istiqamət olmayacaq”.

AXCP sədri deyib ki, Əsədov Milli Məclisdə çıxışında sosial mövzunun guya prioritet olacağını, təhsilin, yeni texnologiyaların Azərbaycanda tətbiqi, qeyri-neft sektorunun inkişafı, təmiz enerjiyə keçid barədə qulağa xoş gələn çox sözlər danışıb.

“Amma Azərbaycan hakimiyyəti vaxtaşırı xalqa belə proqramlar vəd edir. Hər dəfə guya qeyri-neft sektorunu, sosial sahəni inkişaf etdirirlər. Amma son 20 ildə İlham Əliyev iqtidarının gəldiyi nəticə bundan ibarətdir ki, hələ neft istehsalı 70 faiz azalandan sonra da, 20 il dünyaya külli miqdarda neft satışı həyata keçirib yüz milyardlarla dollar pul əldə etdikdən sonra da ötən il ölkənin ümumi ixracının 92,5 faizi neft və neft məhsulları, o cümlədən qaz olub. Beləliklə, ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı deyilənlər də tamamailə boş, populist fikirlərdir, heç bir əsası yoxdur. Yeni texnologiyaların cəlbindən isə söhbət gedə bilməz. Heç velosiped zavodunu belə işlədə bilmədilər. İndi də Rusiyanın heç yerə çıxarıla bilməyən, köhnə jiqulilərinin, LADA-ların birgə istehsalından danışırlar.”

AXCP lideri hesab edir ki, İlham Əliyevin informasiya texnologiyalarının tətbiqi ilə bağlı dedikləri isə praktiki əhəmiyyət kəsb etmir.

“İnformasiya texnologiyalarının inkişafı ilə bağlı bir mərkəz yaradıblar və o mərkəz xakerliklə məşğuldur. Müxalifətə qarşı, sosial şəbəkə istifadəçilərinin izlənməsi ilə bağlı mütəxəssislər yerləşdirməklə məşğuldurlar. Bunların informasiya texnologiyalarının inkişafı ilə bağlı dedikləri özgəfikirliliyi, müstəqil fikirliliyi sıxışdırmağa xidmət edir”.

Kərimlinin qənaətincə, hökumətin sosial siyasətlə bağlı danışmalarının heç bir mənası yoxdur.

“Bu qədər var-dövləti olan ölkədə orta, minimum, median əmək haqqı da, digər sosial ödənişlər ətraf ölkələrdən azdır. Məsələn, Gürcüstanda orta aylıq əmək haqqı 670 dollar, Ermənistanda 650 dollar, Azərbaycanda yalnız 542 dollardır. Eləcə də müharibədə həyatını itirmiş bizim şəhidlərə münasibətdə, Qarabağ qazilərinə münasibətdə, pensiyaçılara münasibətdə, uşaqpulu məsələsində Azərbaycan regionun sosial baxımdan ən geridə qalmış ölkəsi olaraq qalır”, o belə düşünr.

AXCP sədri hesab edir ki, deyilənlər kağız üzərində qalacaq.

“İndiki neqativ, antixalq siyasətini İlham Əliyev davam etdirəcək. Hesab edirəm ki, qarşıdakı illərin əsas real prioriteti ölkəni qapanmaya aparmaq olacaq”, o qeyd edib.

Natiq Cəfərli-iqtisadçı ekspert
Natiq Cəfərli-iqtisadçı ekspert

Natiq Cəfərli: Hökimətin dediklərində konkretlik yoxdur

Respublikaçı Alternativ (REAL) Partiyasının siyasi komitəsinin üzvü Natiq Cəfərli Amerikanın Səsinə deyib ki, irəli sürülən tezislər ümumi sözlərdir.

“Sözün özü yaxşı sözdür. İnsanların xoşuna gələn sözdür ki, yeni dövr olacaq. Bundan öncə Azərbaycan hökuməti prioritet proqramlar da qəbul edib. Yeni dövrə bənzər addımlar atacağını da bəyan etmişdi. Bununla bağlı beş, on illik proqramlar da qəbul olunmuşdu. Bunların heç birinin hədəfə çatdığını söyləmək mümkün deyil”, o qeyd edib.

Cəfərli hesab edir ki, tezislərin yerinə yetirilməsi üçün hədəflər və ölçülər olmalıdır.

“Məsələn, 2026-cı ildə, 2028-ci ildə nələr olacaq. 2030-cu ildə ölkədə nələrə nail olunacaq. Bu hədəflərin ölçüləri olmalıdır. Təəssüf ki, hələ ümumi sözlərdən başqa konkretlik yoxdur”, REAL Partiyasının siyasi komitəsinin üzvü belə hesab edir.

Forum

XS
SM
MD
LG