Accessibility links

Qubad İbadoğlunun qardaşı: "Məhkəmələr şikayətimizi təmin etmir"


Qubad İbadoğlunun qardaşı Qalib Toğrul
Qubad İbadoğlunun qardaşı Qalib Toğrul

Fevralın 16-da Bakı Apellyasiya Məhkəməsində ADR Partiyasının sədri, professor Qubad İbadoğlunun vəkilləri ilə telefon danışığına qoyulan qadağadan verilən şikayətə baxılıb.

Bu barədə Qubad İbadoğlunun qardaşı Qalib Toğrul Amerikanın Səsinə açıqlamasında bildirib. Onun sözlərinə görə, bugünkü məhkəmədə Qubad İbadoğlu iştirak etməyib:

"Onun səhhətində kəskin pisləşmələr olduğundan hal-hazırda müalicə kursu keçir, ona sistem köçürülür. Bu səbəbdən məhkəməyə gətirilməmişdi. Məhkəməyə verilən şikayət isə ondan ibarət idi ki, Bakı İstintaq Təcridxanasınının rəhbərliyi tərəfindən Qubad müəllimin vəkilləri ilə telefon danışığına qadağa qoyulub. Çox təəssüf ki, bizim vəsatətimiz təmin olunmadı və qadağa qüvvəsində qaldı".

Qubad İbadoğlunun qardaşı həmçinin qeyd edib ki, bu məsələ ilə bağlı şikayətləri heç bir məhkəmə tərəfindən təmin edilmir:

"Bu, Qubad İbadoğlu həbs olunandan bəri sayca 35-ci məhkəmə prosesi idi. Məsələ ilə bağlı Qubad İbadoğlunun vəkilləri ilə telefon danışığının təmin edilməsi ilə bağlı artıq 4 məhkəmə prosesi keçirilib. Çox təəssüf ki, heç bir məhkəmə, nə Sabunçu Rayon Məhkəməsi, nə Nərimanov Rayon Məhkəməsi, nə də Apellyasiya Məhkəməsi bizim vəsatətləri təmin edib".

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur.

İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir. Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu deyir.

Bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun həbsdən azad edilməsi üçün çağırışlar edib.

Forum

XS
SM
MD
LG