Accessibility links

Almaniyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin təkbətək görüşü olub


Olaf Şolts, İlham Əliyev və Nikol Paşinyan (Mənbə: Azərbaycan Przeidntinin Administrasiyası)
Olaf Şolts, İlham Əliyev və Nikol Paşinyan (Mənbə: Azərbaycan Przeidntinin Administrasiyası)

Fevralın 17-də Münhendə Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Almaniya Kansleri Olaf Şolts və Ermənistan Baş naziri Nikol Paşinyan arasında birgə görüş keçirilib. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyan ilə ikitərəfli görüşü olub.

Bu barədə Azərbaycan Prezidentinin Administrasiyası məlumat yayıb.

"Görüşdə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Xarici İşlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib. İki ölkə arasında COP29 əsnasında olan qarşılıqlı kompromislər və əldə edilmiş irəliləyiş müsbət qiymətləndirilib", məlumatda qeyd edilir.

Ermənistan hökumətinin məlumatında isə deyilir ki, görüşlərdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesi və regionda sülhün və sabitliyin təmin edilməsinə yönəlmiş addımlar müzakirə edilib.

“Sülh müqaviləsi üzərində işin davam etdirilməsi barədə razılıq əldə olunub”, Armenpress agentliyi Ermənistan hökumətinə istinadən bildirib.

Kansleri Olaf Şolts isə X Platformasında yazıb ki, Almaniya və Avropa Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını öz imkanları daxilində dəstəkləməyə hazırdır.

“Mən bunu hər iki ölkə ilə müzakirələrdə təsdiqlədim. Hər iki tərəfin yeni zorakılıq olmadan açıq məsələləri həll etməyə razılaşması yaxşıdır”, o qeyd edib.

Xatırladaq ki, fevralın 12-də və 13-də Azərbaycan-Ermənistan sərhədində silahlı insidentlər qeydə alınıb. Nəticədə Ermənistan Ordusunun 4 hərbçisi həlak olub, hər iki tərəfdən bir hərbçi yaralanıb.

Forum

XS
SM
MD
LG