Accessibility links

Təxminən 60 Rusiya hərbçisi düzülüş zamanı hava zərbəsi ilə öldürülüb


Yanğınsöndürənlər Rusiyanın Ukraynaya hücumu zamanı su təmizləmə stansiyasına dəyən Rusiya raket zərbəsi yerində işləyirlər, Kramatorsk, Ukrayna, 20 fevral 2024-cü il. REUTERS/Tomas Peter
Yanğınsöndürənlər Rusiyanın Ukraynaya hücumu zamanı su təmizləmə stansiyasına dəyən Rusiya raket zərbəsi yerində işləyirlər, Kramatorsk, Ukrayna, 20 fevral 2024-cü il. REUTERS/Tomas Peter

BBC-nin Rus Xidməti öz mənbələrinə istinadən bildirir ki, Ukraynanın Moskva tərəfindən işğal olunmuş Donetskdəki təlim poliqonuna endirdiyi zərbə nəticəsində azı 60 rus hərbçisi həlak olub.

Xəbərdə deyilir ki, 36-cı Qvardiya motoatıcı briqadasının rusiyalı əsgərləri düzülüşdə olub və fevralın 20-də zərbə endirərkən 29-cu Rusiya ordusunun komandanı general-mayor Oleq Moiseyevin gəlişini gözləyirlərmiş. Ukrayna tərəfi xəbəri şərh etməyib.

Rusiyayönlü sosial şəbəkədəki səhifələr onlarla uniformalı cəsədin əks olunduğu iddia edilən video və fotolar yayıblar. Səhifələr Moiseyevi əsgərlər vurularkən onun gəlişini gözləməyə məcbur edilməkdə günahlandırırlar.

Digər tərəfəndən fevralın 21-də yerli hakimiyyət orqanlarının məlumatına görə, Rusiyanın Ukraynanın üç şərq rayonunu atəşə tutması nəticəsində üç mülki şəxs həlak olub, 13 nəfər yaralanıb.

Donetsk vilayətinin Kramatorsk şəhərində bir nəfər ölüb, səkkiz nəfər yaralanıb. Bu barədə vilayət qubernatoru Vadim Filaşkin bildirib.

Xarkov vilayətinin qubernatoru Oleh Sinehubov xəbər verib ki, Kupyansk rayonunun Petropavlivka kəndində avtomobilin vurulması nəticəsində iki fermer hadisə yerində həlak olub, bir qadın yaralanıb.

Xerson vilayətində Rusiya atəşi nəticəsində 4 nəfər yaralanıb. Yerli hakimiyyət orqanları vilayətin minaatan və dron zərbələrinə məruz qaldığını bildirib.

Ukrayna Hərbi Hava Qüvvələri fevralın 21-də səhər saatlarında Rusiyanın Ukraynanın 4 bölgəsində atdığı 19 pilotsuz təyyarədən 13-nü hava hücumundan müdafiə qüvvələri ilə vurub və əlavə edib ki, bir S-300 raketi və dörd Kh-22 qanadlı raket də məhv edilib.

Hərbi hava qüvvələrinin məlumatına həmçinin deyilir ki, pilotsuz təyyarələr Xarkov, Dnepropetrovsk, Zaporjiya və Donetsk vilayətlərində vurulub. Bildirilib ki, qalan altı pilotsuz təyyarədən bəziləri hədəflərinə çatmayıb. Dörd Kh-22 qanadlı raket mərkəzi Poltava vilayətində vurulub.

Forum

XS
SM
MD
LG