Accessibility links

ABŞ-ın MQ-9 pilotsuz təyyarəsi husilər tərəfindən vurulub


Pentaqon Yəməndə İranın dəstəklədiyi husi yaraqlılarının bazar ertəsi MQ-9 Reaper pilotsuz təyyarəsini vurduğunu təsdiqləyib.

“ABŞ-ın MQ-9 təyyarəsi Qırmızı dənizdə husilərin nəzarətində olan ərazilərin sahillərində vurulub və ya yerə düşüb. İlkin əlamətlər onun husilərin yer-hava raketi ilə vurulduöunu göstərib” - deyə, Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq Amerikanın Səsinin sualına cavab olaraq bildirib.

Bundan əvvəl milli təhlükəsizlik məsələlərini müzakirəsində adının açıqlanmasını istəməyən ABŞ rəsmisi Amerikanın Səsinə Yəmənin şərqindəki Hudeyda yaxınlığında ABŞ pilotsuz təyyarəsinin vurulduğunu təsdiqləmişdi. Dronun vurulma zamanı silahlı olub-olmadığı hələ də bəlli deyil.

Sosial şəbəkələrdə yayılan videoda iddiaya görə çimərlikdə vurulmuş dronun hissələri əks olunub. Bu, husilər tərəfindən MQ-9-un ikinci dəfə vurulmasıdır. Birincisi noyabrda beynəlxalq hava məkanında olub.

Husi militantları bazar ertəsi günü beynəlxalq gəmiçilik zolağında hərəkət edən iki gəmini vuraraq kütləvi hücumlar dalğasına başlayıb. Onlardan biri Marşal Adaları bayrağı altında ABŞ-a məxsus yükdaşıyıcıya husilərin pilotsuz təyyarəsinin hücumu nəticəsində cüzi ziyan dəyib. Yunanıstan bayraqlı ABŞ-a məxsus taxıl daşıyıcısı M/V Sea Champion isə iki Ədən körfəzində ballistik raket hücum nəticəsində kiçik ziyan görüb.

ABŞ-ın Yaxın Şərqdəki hərbi əməliyyatlarına nəzarət edən ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) verdiyi məlumata görə, M/V Sea Champion Yəmənin Ədən şəhərinə taxıl çatdırmaq üçün planlaşdırılan təyinat yerinə doğru yolunu davam etdirib.

Sabrina Sinq husiləri “aclıq çəkən” Yəmən vətəndaşlarını qida ilə təmin etmək üçün nəzərdə tutulmuş gəmini hədəf aldıqları üçün tənqid edib. “Demək istəyirəm ki, tam olaraq nə etdiyinizə baxın. Siz öz əhalinizi riskə atırsınız” dedi.

CENTCOM bazar ertəsi husilərin nəzarətində olan Yəməndə yer-hava tipli raket buraxılış qurğusunu və Qırmızı dənizdəki gəmilərə atılmaq üçün hazırlanmış pilotsuz təyyarəni məhv etdiyini bildirib. ABŞ və koalisiya təyyarələri və hərbi gəmiləri də gecə ərzində Qırmızı dəniz və Ədən körfəzində 10 pilotsuz təyyarə və bir gəmi əleyhinə qanadlı raketi vurub.

“Bu, irəliləyişdir. Biz onları dayandırana qədər məsuliyyətə cəlb etməyə davam edəcəyik "- deyə, Sinq jurnalistlərə bildirib. Lakin o, xəbərdarlıq edib ki, büdcə və əlavə maliyyə vəsaitinin ABŞ Nümayəndələr Palatasından keçməsi üçün Konqresin dəstəyi olmadan “işlər davamlı olmayacaq”.

Husilər bazar günü Böyük Britaniyaya məxsus, Beliz bayraqlı M/V Rubymar yük daşıyıcısını gəmi əleyhinə ballistik raketlə vurub. Gəmi ticarət gəmisi və koalisiyaya məxsus döyüş gəmisi ilə yaxınlıqdakı limana aparılıb.

ABŞ şənbə günü husilərə beş zərbə endirib, onlardan biri pilotsuz sualtı qayığı vurub.
İranın dəstəklədiyi militantlar beynəlxalq gəmiçilik zolağına hücumlarının HƏMAS-la həmrəylik üçün həyata keçirildiyini bildirib.

HƏMAS oktyabrın 7-də İsraildə 1200 nəfərin ölümünə və 240-a yaxın girov götürülməsinə səbəb olan hücuma başlayıb, onlardan 100-ə yaxını noyabrda azad edilib. HƏMAS-ın nəzarətində olan Qəzzanın Səhiyyə Nazirliyi bildirib ki, İsrailin əks-hücumları 29 mindən çox fələstinlini öldürüb.

Forum

XS
SM
MD
LG