Accessibility links

İran Azərbaycanında milli fəallar Beynəlxalq Ana Dili Gününü müxtəlif şəkillərdə qeyd edib


Urmiyə Universiteti, "Azərbaycan Mədəniyyət Ocağı" üzvləri
Urmiyə Universiteti, "Azərbaycan Mədəniyyət Ocağı" üzvləri

Beynəlxalq Ana Dili Günü münasibətilə İranın Azərbaycan şəhərlərində milli fəallar uşaqlar arasında türkcə kitablar paylayıblar.

Fevralın 21-də milli fəallar Təbriz və Ərdəbildə məktəbli şagirdlər arasında türkcə nağıl kitablar paylayıblar.

Abbas Lisani Telegram kanalı milli fəalların Ərdəbil şəhərində məktəbli şagirdlər arasında türkcə kitabların paylanmasından şəkil və video-görüntülər paylaşıb, fəalların bu aksiyasının “Kimlik Qalamız, Ana Dilimiz” şüarı ilə həyata keçirildiyini bildirib.

Təbriz şəhərində bir sıra milli fəallar müxtəlif məhəllələrdə uşaqlar arasında türk dilində uşaq və yeniyetmələr üçün uyğun şeir və hekayə kitabları paylayıblar. Həmin xəbərə görə, Ərdəbil vilayətinin Parsabad və Meşginşəhr şəhərlərində də fəallar bu şəhərlərin məktəblilərinə türkcə kitablar veriblər.

Fəalların hər il Ana Dili Günündə türkcə kitab paylama aksiyası İranda qeyri-fars etnik qrupların, o cümlədən azərbaycanlıların ana dilində təhsilin qadağan olmasına etiraz olaraq keçirilir.

Həmçinin milli fəallar İranda azərbaycanlıların ana dilində təhsildən məhrum qaldığını və ana dilinin əhəmiyyətini vurğulamaq məqsədilə, Təbriz, Tehran və Ərdəbil kimi şəhərlərdə vərəqələr çap edib, xalq arasında paylayıb və ya şəhərlərin müxtəlif yerlərində divarlara asıblar.

Türk fəalların Beynəlxalq Ana Dili Günü münasibətilə müxtəlif şəhərlərdə payladıqları bu elanın mətnində uşaqlar üçün ana dilində təhsilin əhəmiyyəti və etnik azlıqların assimilyasiya prosesində ana dilində təhsilin qadağan olunmasının təsiri kimi mövzulara toxunulub.

Həmçinin Təbriz Tibb Elmləri Universiteti və Urmiyə Universitetinin tələbələri Beynəlxalq Ana Dili Gününü mərasim keçirərək qeyd ediblər. Bu mərasimlərdə ana dilinin qorunub saxlanmasının vacibliyi vurğulanıb.

Urmiyə Universitetində “Azərbaycan Mədəniyyət Ocağı” tələbə dərnəyinin üzvləri əllərində “Konstitusiyanın 15-ci maddəsi”, “Türk Dilində Mədrəsə Olmalıdır Hərkəsə” və “Ana Dili Günü Qutlu Olsun” kimi yazılar olan plakatlar tutaraq bu şəkilləri sosial mediadan paylaşıblar və azərbaycanlıların ana dillərində təhsil almaq hüququnu tələb ediblər.

Təbriz Tibb Elmləri Universitetində Səhənd Mədəniyyət Ocağı tələbə dərnəyinin üzvləri Azərbaycan musiqisi, Azərbaycanın ənənəvi geyimləri ilə şənlik keçirib, universitet tələbələrinə Azərbaycan türkcəsinin əlifbası haqqında məlumat verən kitabçalar və “Səhənd” tələbə jurnalını paylayıblar.

Forum

XS
SM
MD
LG