Accessibility links

Qırğızıstanda olan bir Azərbaycan vətəndaşının ABŞ sanksiyasına məruz qaldığı bildirilir


ABŞ bayrağı
ABŞ bayrağı

ABŞ prezidenti Co Baydenin fevralın 23-də Rusiyanın Ukraynaya təcavüzünün ikinci ildönümü ilə əlaqədar olaraq sanksiya tətbiq etdiyi insanlar arasında bir nəfər Azərbaycan vətəndaşının olduğu bildirilir.

Turan agentliyi bildirir ki, Azərbaycan vətəndaşı Mehdi Qafarzadə də sanksiya tətbiq edilənlər arasındadır.

“ABŞ-ın məlumatına görə, Qafarzadə Qırğızıstanda yerləşən, ABŞ-ın sanksiyalarını pozaraq, Rusiyaya təyyarə komponentləri və aviasiya ehtiyat hissələri göndərən Ukon şirkətinin baş direktorudur”, məlumatda qeyd edilir.

Öz növbəsində, Azərbaycan Xarici İşlər Nazirliyi Amerikanın Səsinin Mehdi Qafarzadənin Azərbaycan vətəndaşı olub-olmaması ilə bağlı sorğusuna hələ cavab verməyib.

Həmçinin Mehdi Qafarzadə və onun yaxınları bu məlumata hələ münasibət bildirməyib.

ABŞ prezidenti Co Bayden fevralın 23-də Rusiyanın Ukraynaya təcavüzünün ikinci ildönümü ilə əlaqədar olaraq Rusiyanın 500-dən çox fiziki və hüquqi şəxsinə qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.

Sanksiyalar həm də rusiyalı müxalifət lideri Aleksey Navalnının Rusiyanın ucqar şimaldakı həbsxanasında ölümü ilə bağlıdır. Bayden Navalnının ölümündə Rusiya prezidenti Vladimir Putini günahlandırıb.

Bayden bəyanatında Navalnını “korrupsiyaya qarşı cəsarətli döyüşçü” və “Putin müxalifətinin misilsiz lideri” adlandırıb.

“Bu sanksiyalar Navalnının həbsi ilə əlaqəli şəxsləri, həmçinin maliyyə sektorunu, müdafiə sənayesini, təchizat zəncirini və müxtəlif qitələrdə yerləşən və sanksiyalardan yayınmağa yardım edən şəxsləri hədəf alacaq”, Bayden bildirib.

ABŞ prezidenti “Biz Putinin ölkə hüdudlarından kənarda aqressiyasına və onun daxilindəki repressiyalarına görə daha da yüksək bədəl ödəməsini təmin edəcəyik”, o vurğulayıb.

Maliyyə nazirinin müavini Uolli Adeyemo Reuters xəbər agentliyinə müsahibəsində deyib ki, digər ölkələrlə ortaq şəkildə qəbul edilən sanksiyalar Rusiyanın hərbi sənaye kompleksini və Rusiyanın ehtiyac duyduğu mallara çıxışını asanlaşdıran üçüncü ölkələrdəki şirkətləri hədəf alacaq.

Forum

XS
SM
MD
LG