Accessibility links

Milli fəal Mürtəza Pərvin Evin həbsxanasından ailəsinə zəng edib


Güneyli fəal Mürtəza Pərvin
Güneyli fəal Mürtəza Pərvin

Ərdəbildə yaşayan milli fəal Mürtəza Pərvinə 20 günə yaxın həbsdən sonra ailəsi ilə qısa telefon danışığına icazə verilib.

Abbas Lisani Telegram kanalının yaydığı məlumata görə, Tehrandakı Evin Təcridxanasından Mürtəza Pərvin fevralın 23-ü cümə günü ailəsi ilə telefon danışığı edib. Bu xəbərə görə, o, "qeyri-qanuni" həbsinə etiraz olaraq fevralın 24-dən aclıq aksiyasına başlayacağını telefon danışığında bəyan edib.

Bu azərbaycanlı milli fəal, bel ağrılarından əziyyət çəkir və saxlandığı müddətdə bu xəstəliyi daha da ağırlaşıb.

Bundan əvvəl fevralın 9-da onun ailəsinə zəng etməsinə icazə verilsə də, telefon danışığında bel ağrılarının şiddətləndiyini deyəndə dərhal telefon əlaqəsi kəsilmişdi.

Mürtəza Pərvin fevralın 6-da səhər saat 6 radələrində evində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və sonra Tehrandakı Evin həbsxanasının təcridxanasına köçürülüb. Təhlükəsizlik qüvvələri saxlanılma zamanı həbs qərarına dair məhkəmə orderi təqdim etməyiblər.

Saylarının çox olduğu bildirilən təhlükəsizlik qüvvələri fəalın atasının evində reyd keçirib və onun şəxsi əşyalarını, o cümlədən mobil telefonu və bir neçə kitabını müsadirə ediblər.

Bu fəala qarşı irəli sürülən ittihamlar hələlik məlum deyil.

Pərvin, performans və rəssamlıq kimi incəsənət sahələrində də fəaliyyət göstərir.

O, daha öncə də dinc fəaliyyətlərinə görə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb.

Forum

XS
SM
MD
LG