Accessibility links

Co Bayden Konqres liderləri ilə görüşüb


ABŞ prezidenti Co Bayden çərşənbə axşamı Ağ Evdə Konqresin ən aparıcı dörd liderini bir araya gətirərək, qanunvericilərlə Ukrayna və İsrailə təcili yardım paketinin qəbulu, eləcə də hökumətin gələn ay gözlənilən bağlanmasının qarşısının alınması məsələlərini müzakirə edib.

Dörd liderə Respublikaçılar-Nümayəndələr Palatasının spikeri Mayk Conson, Senatda Demokrat əksəriyyətin lideri Çak Şumer, Nümayəndələr Palatasında azlıqların Demokrat lideri Hakim Cefris və Senatda azlıqda olan Respublikaçıların lideri Mitc Makkonnell daxildir.

Görüşdə vitse-prezident Kamala Harris də iştirak edib.

Co Bayden deyib ki, Birləşmiş Ştatlar Ukraynaya yardım göstərərkən hökuməti maliyyələşdirmək üçün həll yolu tapmalıdır.

Baydenin sözlərinə görə, Ukraynanın maliyyələşdirilməsi problemi hər gün daha da kəskinləşir.

"Hesab edirəm ki, hərəkətsizliyin nəticələri ağır olacaq" - deyə, o əlavə edib.

Milli təhlükəsizlik paketindən ayrı olaraq hökumətin maliyyələşdirilməsinin ilk tranşının müddəti cümə günü başa çatmalıdır.

Pentaqon, Daxili Təhlükəsizlik Nazirliyi və Dövlət Departamenti kimi qurumlar da daxil olmaqla, federal hökumətin maliyyə planı martın 8-də başa çatır.

Respublikaçıların rəhbərlik etdiyi Nümayəndələr Palatasına Ukrayna, İsrail və Hind-Sakit Okean regionuna yardımı gücləndirən 95 milyard dollarlıq milli təhlükəsizlik paketini qəbul etmək üçün təzyiq göstərilir.

Bu qanun Senatda bu ayın əvvəlində 70-29 səslə təsdiqlənib, lakin Conson yardımla bağlı qanun layihəsinin Nümayəndələr Palatasında səsverməyə çıxarılmasına müqavimət göstərir.

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin Qərbin dəstəyinə çox ehtiyacı olduğu barədə xəbərdarlıq edib və ABŞ-ın 60 milyard dollarlıq yardım paketini təsdiq edəcəyinə ümid etdiyini bildirib.

Nümayəndələr Palatasının Respublikaçıları Kyivə əlavə yardımın qarşısını aldıqları üçün Ukrayna qoşunlarının döyüş sursatı tükənir. Onlar hazırda Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq istəyən keçmiş prezident Donald Trampın təzyiqi altındadır.

Tramp ABŞ-ın cənub sərhədindəki qeyri-qanuni immiqrasiya problemini həll etməyincə, Ukraynaya əlavə maliyyə vəsaitinin verilməməsini tələb edir.

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib ki, "Prezident Amerika xalqının milli təhlükəsizlik maraqlarının inkişafı üçün əlimizdən gələni etdiyimizi görmək istəyir".

Prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan CNN tele kanalına bildirib ki, spiker Conson bu qanun layihəsini müzakirəyə çıxarsa, Ukraynaya yardım güclü və ikitərəfli səs çoxluğu ilə təsdiq ediləcək.

Forum

XS
SM
MD
LG