Accessibility links

Urmiyə və Qızılhasar həbsxanalarında iki məhbus intihar edib


Urmiyə Mərkəzi Həbsxanası
Urmiyə Mərkəzi Həbsxanası

Hüquq müdafiə qurumları İran həbsxanalarında intihar və intihara cəhd hallarının artdığını bildirirlər. Bazar və bazar ertəsi günlərində Urmiyənin mərkəzi həbsxanası və Kərəcin Qızılhasar həbsxanasında iki məhbusun intihar etdiyinə dair məlumat yayılıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi Urmiyə və Qızılhasar həbsxanalarında həyatlarına son qoyan məhbusların adlarını müvafiq olaraq Şahin Gəllədari və Hüseyn Cəlali olaraq açıqlayıb.

“Gəllədari fevralın 25-də gecə saatlarında intihar edib. Məhbusun ailəsinə yaxın olan bir mənbənin məlumatına görə, həbsxana məsulları onun intihar edərək həyatına son qoyduğunu təsdiq ediblər. 46 yaşında olan Şahin Gəllədari keçən ilin mart ayından bəri daha əvvəl məhkum olduğu iki illik həbs cəzasını çəkmək üçün Urmiyə həbsxanasında saxlanılırdı,” HRA agentliyinin saytı bildirib.

Şahin Gəllədarinin nə şəkildə intihar etdiyinə dair məlumat yayılmayıb.

Kərəcin Qızılhasar həbsxanasında saxlanılan Hüseyn Cəlalinin isə həb udaraq intihar etdiyi bildirilib. HRA agentliyinin xəbərinə görə, narkotik maddə qaçaqmalçılığı ilə əlaqdar 25 il həbsə məhkum olunmuş Cəlali 7 ay öncədən həbsxanada saxlanılırdı.

Keçən aylarda Təbriz, Urmiyə və Kərəc kimi şəhərlərin həbsxanalarında intihar hallarının yaşandığına dair məlumat yayılıb.

Yanvar ayında da Urmiyə həbsxanasında sağ əlinin dörd barmağının kəsilməsinə məhkum edilmiş Əmir Şahbazi adlı məhbus intihar etmişdi.

Azərbaycan İnsan Haqları Cəmiyyətinin (Ərk) xəbərinə görə, keçən həftə birgə məktub imzalayan 800-dən artıq məhbus intihar və intihara cəhd hallarının artmasını önə çəkərək Urmiyə həbsxanasının müdiri Peyman Xanzadənin işdən çıxarılmasını tələb ediblər.

Forum

XS
SM
MD
LG