Accessibility links

Zelenski Albaniyada Ukraynaya dəstək üçün Qərbi Balkanlar sammiti keçirib


Albaniyanın paytaxtı Tiranada prezident Volodimir Zelenskinin həmtəşkilatçılığı ilə Ukraynaya dəstək üçün Qərbi Balkanlar sammiti keçirilir. Məqsəd Rusiyanın iki illik işğalının qarşısını almaq üçün daha çox dəstək axtarmaqdır.

Ukrayna prezidentinin saytında bildirilib ki, zirvə görüşündən əvvəl Zelenski və ölkəsinin sadiq müdafiəçisi olan Albaniyanın baş naziri Edi Rama ikitərəfli dostluq və əməkdaşlıq sazişi imzalayıblar.

Sammitdə Serbiya, Şimali Makedoniya, Kosovo, Bosniya-Herseqovina və Monteneqro liderləri iştirak edir. Toplantıda qərbyönlü Moldova prezidenti Maya Sandu da iştirak edir.

Səudiyyə Ərəbistanından Albaniyaya gələn Zelenski həmçinin cənub-şərqi Avropa ölkələrinin Kyivə dəstəyini artırmaq məqsədi daşıyan toplantı zamanı bir sıra ikitərəfli görüşlər də keçirir.

Ukrayna canlı qüvvə və sursat baxımından üstünlüyə malik Rusiya qüvvələrinin getdikcə intensivləşən hücumlarına müqavimət göstərmək üçün Qərb müttəfiqlərindən, əsasən də ABŞ-dan olan silah və sursat təchizatına çox ehtiyac duyur.

ABŞ-ın 61 milyard dollar dəyərində kritik hərbi yardım paketinin Respublikaçıların rəhbərlik etdiyi Nümayəndələr Palatasında qalması səbəbindən silah-sursatsız qalan Ukrayna, qoşunlarını bu yaxınlarda şərqdəki bəzi müdafiə mövqelərindən geri çəkməyə məcbur olub.

ABŞ dövlət katibi Antoni Blinken bu ayın əvvəlində Tiranaya səfəri zamanı Albaniyanın Ukraynaya dəstəyini yüksək qiymətləndirib.

“Rusiyanın təcavüzündən sonra Ukraynaya silah, sursat, minaya davamlı maşınlar kimi hərbi yardım göndərən ilk ölkələrdən biri olub və hazırda Ukraynaya dəstək baxımından adambaşına düşən miqdara görə ilk 10 ölkədən biridir" deyə Blinken bildirib.

Ukraynada hava hücumundan müdafiə qüvvələri fevralın 28-də səhər saatlarında Rusiyanın iki cənub bölgəsindən buraxdığı İran istehsalı olan 10 pilotsuz təyyarənin hamısını vurduğunu bildirib.

“Müdafiə qüvvələrinin mobil qrupları və Hava Hücumundan Müdafiə Qüvvələrinin zenit-raket bölmələri Odessa və Nikolayev vilayətlərində 10 Şahedi məhv edib” deyə Ukrayna ordusunun Facebook-da verdiyi bəyanatında deyilir.

Pilotsuz uçan aparatların dağıntıların yaratdığı fəsadlar barədə məlumat verilməyib.

Forum

XS
SM
MD
LG