Accessibility links

Milli fəal Salar Tahir Əfşar müvəqqəti olaraq Evin həbsxanasından sərbəst buraxılıb


Güneyli fəal Salar Tahir Əfşar
Güneyli fəal Salar Tahir Əfşar

Urmiyədə yaşayan azərbaycanlı milli fəal Salar Tahir Əfşar bu gün fevralın 28-də axşam saatlarında girov müqabilində Evin həbsxanasından müvəqqəti azadlığa buraxılıb.

Bölgədəki hüquq müdafiəçilərinin sosial mediada yaydığı məlumata görə, Salar Tahir Əfşar məhkəmənin yekun hökmü çıxarılana qədər 800 milyon tümənlik girov müqabilində Evin həbsxanasından sərbəst buraxılıb.

Salar Tahir Əfşar fevralın 6-da çərşənbə axşamı şəhərdə olduğu zaman təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Təhlükəsizlik qüvvələrinin fəalın atasının evinə girib reyd keçirdiyi, milli fəalın şəxsi əşyalarını müsadirə etdiyi bildirilmişdi.

Yayılan məlumata görə, reyd zaman Tahir Əfşarın ailə üzvləri təhlükəsizlik qüvvələri tərəfindən döyülüb və həbs olunmaqla hədələniblər.

Türk fəal saxlandıqdan sonra Tehranın Evin həbsxanasındakı təcridxanaya köçürülüb və sorğu-suala çəkilib. O, təcridxanada dindirildiyi vaxt Təbriz İnqilab Məhkəməsinin 2 saylı şöbəsi Salar Tahir Əfşarı başqa işlə bağlı “rejimə qarşı təbliğat fəaliyyətinə köməklik etmək” ittihamı ilə 6 ay həbs cəzasına məhkum edib.

Tahir Əfşarın fevralın 6-da həbsi və son işi ilə bağlı hələ də məlumat yoxdur. O, İranın müxtəlif şəhərlərində ondan çox digər fəalla eyni vaxtda həbs edilib. Bu fəalların həbsinin səbəbləri və onlara qarşı irəli sürülən ittihamlar hələ məlum deyil.

Fevral ayının 5-7-si tarixlərində İran Azərbaycanı, eləcə də Gilan, Əlburz və Tehran vilayətlərində ən azı 12 fəal həbs edilib.

Forum

XS
SM
MD
LG