Accessibility links

Qəzzada ərzaq paylanan zaman azı 104 fələstinlinin öldürüldüyü bildirilir


İnsanlar Qəzza şəhərində Əl Şifa xəstəxanasınd səhər saatlarında yardım paylanılan zaman baş vermiş insidentdə həlak olan fələstinlilərinə yas tutur, 29 fevral 2024.
İnsanlar Qəzza şəhərində Əl Şifa xəstəxanasınd səhər saatlarında yardım paylanılan zaman baş vermiş insidentdə həlak olan fələstinlilərinə yas tutur, 29 fevral 2024.

İsrail əsgərlərinin Qəzza şəhərində yardım maşınlarından yemək almağa çalışan insanlara atəş açması nəticəsində ən azı 104 fələstinlinin həlak olduğu bildirilir. Lakin hücumla bağlı ziddiyətli məlumatlar verilir.

ABŞ prezidenti Co Bayden ABŞ rəsmilərinin hücumun necə baş verdiyinə dair xəbərləri araşdırdığını və hadisənin atəşkəs danışıqlarını çətinləşdirə biləcəyinə inandığını bildirib.

Ağ Evin mətbuat katibi Olivia Dalton ölənlərin sayının həyəcan və dərin narahatlıq doğurduğunu bildirib.

“Bu son insident hərtərəfli araşdırılmalıdır,” Olivia Dalton ABŞ-Meksika sərhədinə gedən prezident Baydeni Air Force One təyyarəsində müşayiət etdiyi zaman jurnalistlərə bildirib. “Bu hadisə Qəzzaya çatdırılmaq üçün humanitar yardımın genişləndirilməsinin zəruriliyini vurğulayır,” o əlavə edib.

Qəzza xəstəxanasının rəsmiləri ilkin olaraq İsrailin şəhərin qərb hissəsindəki əl-Nabusi kəsişməsində kütləyə zərbə endirdiyini bildiriblər. Daha sonra şahidlər bildiriblər ki, insanlar yük maşınlarından un və konserv məhsulları götürərkən İsrail əsgərləri tərəfindən atəş açılıb.

İsrail rəsmiləri əsgərlərin atəş açdığını etiraf edərək, bunu yardım maşınlarına doğru tələsən insanların “təhlükə yaratdığına” inandıqları üçün etdiklərini bildiriblər.

İsrail hərbi qüvvələrinin nümayəndəsi yük maşınları karvanının cənubdan Qəzzanın şimalına əsas sahil yolu ilə daxil olduqda iki ayrı insidentin baş verdiyini və bunun nəticəsində onlarla insanın öldüyünü və yaralandığını bildirib.

Qəzzanın Həmas tərəfindən idarə olunan səhiyyə nazirliyi bildirib ki, cümə axşamı günü baş verən hadisə ilə İsrailin HƏMAS militantlarına qarşı oktyabrın 7-də HƏMAS-ın İsrailə 1200 nəfərin ölümü ilə nəticələnən hücumundan sonra başlayan və təxminən beş aydır davam edən müharibədə ölənlərin sayı 30 mini keçib.

ABŞ-ın müdafiə naziri Lloyd Austin Vaşinqtonda Konqres dinləmələrində öldürülən fələstinlilərin 25 000-dən çoxunun qadınlar və uşaqlar olduğunu deyib. Lakin İsrail hərbi qüvvələri 12 000 HƏMAS militantını öldürdüyünü iddia edir ki, bu da ölənlərin ümumi sayına daxildir.

Bayden Qəzzada İsrail və HƏMAS arasında atəşkəsin bu həftənin əvvəlində ehtimal etdiyi kimi, bazar ertəsi gününə qədər reallaşmasının çətin olduğunu deyib.

Forum

XS
SM
MD
LG