Accessibility links

Qəzzada atəşkəslə bağlı danışıqlar bərpa olunub


Xəbərlərə görə, Misir və Qətər vasitəçiləri Qəzzada atəşkəs və girovların azad edilməsi üçün bazar günü Qahirədə danışıqları davam etdirir.

Bayden administrasiyasının yüksək rütbəli rəsmisi şənbə günü bildirib ki, İsrail az-çox bu çərçivəni qəbul edib. Danışıqları açıq müzakirə etmək səlahiyyəti olmadığı üçün jurnalistlərə anonim danışan rəsmi "Hazırda top HƏMAS-ın meydanındadır və biz bunu bacardığımız qədər irəlilətməyə davam edirik" deyib.

Müqavilə təklif edildiyi kimi qəbul edilsə, altı həftəlik atəşkəs və girovların azad edilməsi üçün nəzərdə tutulub. Bu, həmçinin Qəzzaya daha çox humanitar yardımın göndərilməsinə imkan verəcək.

Misir mənbələri və HƏMAS rəsmisinin bildirdiyinə görə, HƏMAS müvəqqəti atəşkəsin müharibəni tamamilə bitirmək prosesinin başlanğıcı olduğuna dair mövqeyindən geri çəkilməyib.

Agency France-Presse bazar günü bildirib ki, HƏMAS-ın yüksək rütbəli rəsmisi İsrailin HƏMAS-ın tələblərini qəbul edəcəyi təqdirdə 24-48 saat ərzində atəşkəsin mümkün ola biləcəyini deyib.

"İsrail Qəzzanın şimalına köçkün fələstinlilərin qaytarılması və humanitar yardımın artırılması da daxil olmaqla, HƏMAS-ın tələbləri ilə razılaşsa, bu, yaxın 24-48 saat ərzində [atəşkəs] razılaşmasına zəmin yaradacaq", AFP rəsmidən sitat gətirib.

Vasitəçilər HƏMAS-ın idarə etdiyi Qəzzanı dağıdan və demək olar ki, beş aydır davam edən münaqişənin sona çatması ümidi ilə 10 və ya 11 martda başlayacaq Ramazan ayı öncəsi atəşkəsə nail olmağa çalışırlar.

ABŞ prezidenti Co Bayden də Ramazana qədər atəşkəs əldə ediləcəyinə ümid etdiyini ifadə edib, lakin cümə günü jurnalistlərə "Hələ orada deyilik" deyib.

Bayden və digər dünya liderləri fələstinlilərin təcili humanitar ehtiyaclarını ödəmək üçün təzyiq altındadır.

Münaqişə 2023-cü il oktyabrın 7-də terror təşkilatı kimi tanınan HƏMAS-ın İsrailə hücumu, 1200 nəfərin ölümü və 240-a yaxın insanın girov götürülməsi ilə başlayıb.

Yerli Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzzaya hava və quru hücumu nəticəsində 30 000-dən çox insan həlak olub. Qəzzanın 2,3 milyonluq əhalisinin təxminən dörddə üçü didərgin düşüb.

Sakinlər bazar günü Xan Yunis ətrafında tankların və mərmilərin olduğunu bildiriblər. Rəfahda səlahiyyətlilər İsrailin iki zərbəsi nəticəsində 25 nəfərin öldüyünü bildirib.

Forum

XS
SM
MD
LG