Accessibility links

ABŞ husilərin raket və pilotsuz təyyarələrini vurub


ABŞ esminesi Qırmızı dənizdə Yəmənin husi üsyançıları tərəfindən atılan pilotsuz təyyarələr və raketi vurub.

Hindistan donanmasının isə daha əvvəl husilər tərəfindən hədəf alınan konteyner gəmisində yanğınla mübarizə apardığına dair görüntülər yayılıb.

İsrailin Qəzza zolağında HƏMAS-a qarşı müharibəsi zamanı hücumlara başlayan üsyançılara qarşı Amerika kampaniyasında iştirak edən Arleigh Burke sinifli USS Carney esminesi hədəf alınıb.

“Husilərin hücumunda bomba daşıyan pilotsuz təyyarələr və bir gəmi əleyhinə ballistik raket iştirak edib”, ABŞ ordusunun Mərkəzi Komandanlığı bildirib.

Mərkəzi Komandanlığın bildirdiyinə görə, ABŞ daha sonra hava hücumu təşkil edərək üç gəmi əleyhinə raketi və üç bomba daşıyan pilotsuz təyyarəni məhv edib.

Husi ordusunun sözçüsü general Yəhya Sari hücumu etiraf edib və onun qüvvələrinin iki Amerika döyüş gəmisini hədəf aldığını iddia edib.

Husilər "təcavüz dayandırılmayana və Qəzza zolağında Fələstin xalqına qarşı mühasirə götürülənə qədər dayanmayacaqlar", Sari deyib. O, ABŞ-ın sonrakı hava hücumlarını etiraf etməyib.

Husilər ən azı 22 döyüşçünün öldürüldüyünü desələr də, yanvar ayında Amerikanın başçılığı ilə başlayan zərbələr zamanı aldıqları zərərlə bağlı heç bir qiymətləndirmə təklif etməyiblər.

Noyabr ayından bəri üsyançılar İsrail-HƏMAS müharibəsinə görə dəfələrlə Qırmızı dənizdə və ətraf sularda gəmiləri hədəf alıblar. Bu gəmilər arasında husilərin əsas xeyriyyəçisi olan İrana gedən ən azı bir yük və daha sonra husilərin nəzarətində olan əraziyə gedən bir yardım gəmisi var.

Bir ay yarımdan çox ABŞ-ın rəhbərlik etdiyi hava hücumlarına baxmayaraq, husi üsyançıları əhəmiyyətli hücumlar təşkil edə bilib. Bunlara keçən ay gübrə daşıyan yük gəmisinə edilən hücum, bir neçə gün sürükləndikdən sonra şənbə günü batan Rubymar və on milyonlarla dollar dəyərində olan Amerika pilotsuz təyyarəsinin vurulması daxildir.

Bu arada Hindistan donanması bazar ertəsi Ədən körfəzində husilər tərəfindən hədəf alınan MSC Sky II gəmisində yanğınla mübarizə aparan INS Kolkata dənizçilərinin görüntülərini yayımlayıb.

İsveçrədə yerləşən Mediterranean Shipping Co. şirkəti bildirib ki, raket Sinqapurdan Cibutiyə gedən gəmiyə düşüb.

“Raket kiçik yanğına səbəb olub, yanğın söndürülüb, ekipaj üzvləri xəsarət almayıb”, şirkətdən bildiriblər.

Forum

XS
SM
MD
LG