Accessibility links

Həkim Aydın Əliyev işdən çıxarıldığını deyir


Həkim Aydın Əliyev
Foto: Meydan TV
Həkim Aydın Əliyev Foto: Meydan TV

Martın 12-də media hüququ üzrə ekspert, "Toplum TV"nin təsisçisi Ələsgər Məmmədlinin qaynı olan həkim Aydın Əliyev sosial şəbəkə hesabında çalışdığı İstanbul Klinikasından çıxarıldığı haqda məlumat paylaşıb.

“Təhdiddənmi, qorxudanmı? Bilmirəm. İstanbul klinikasının rəhbərliyi məni bu gün işdən çıxardı. Sabahdan işə gəlmə dedilər. Hanı bəs hüquqi dövlət? İnsanı işdən çıxarmaq bu qədər asanmı? Hanı həmkarlar? Hanı bəs işçi haqları? Hanı bəs əmək müqaviləsi?” - deyə, həkim qeyd edib.

Bir gün öncə Aydın Əliyev izləndiyi barədə Facebook hesabında etibarlı mənbələrdən məlumat aldığını bildirmişdi.

"Aldığım məlumatlara görə məni izləyirlər, hansısa bir şər, böhtan, qarayaxma, qəza və s. ilə "ilişdirmək" istəyirlər. Bəri başdan sizi bilgiləndirmək istəyirəm, mənimlə bağlı hər hansı belə bir ləkələmə kampaniyası olarsa, qəti şəkildə inanmayın! Bilin ki, bu, mənim vətəndaş mövqeyimə görədir. Tənqidlərimi də bir ziyalı borcu olaraq xalqın maariflənməsi, haqq-ədalətin öz yerini alması üçün etmişəm", o bildirib.

Ələsgər Məmmədli martın 8-də "Toplum TV" işi üzrə həbs edilib. Aydın Əliyev onun həbs olunduğu görüntüləri sosial media hesabında paylaşıb. Onun görüntüləri paylaşdığı üçün təhdid olunduğu ehtimal edilir.

Hüquq mühafizə orqanlarından məsələ ilə bağlı mövqe almaq mümkün olmayıb.

Martın 6-da hüquq-mühafizə orqanları "Toplum TV"nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin "III Respublika" Platformasının ofislərində, əməkdaşların evlərində axtarışlar aparıb. Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, "Toplum TV"nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkanı tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkanı tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin "III Respublika" Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Martın 8-də isə "Toplum TV"nin təsisçilərindən Ələsgər Məmmədli və "III Respublika" Platformasının qurucu üzvü Ruslan İzzətli qaçaqmalçılıq ittihamı ilə saxlanılıb və barələrində 4 ay həbs qətimkan tədbiri seçilib.

Forum

XS
SM
MD
LG