Accessibility links

İsrail BMT Təhlükəsizlik Şurasının HƏMAS-ı terror təşkilatı kimi tanımasını tələb edib


İsrailin xarici işlər naziri bazar ertəsi BMT Təhlükəsizlik Şurasının HƏMAS-ı terror təşkilatı kimi tanımasını və “ağır sanksiyalar” tətbiq etməsini tələb edib.

İsrail Katz "Mən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsi üçün HƏMAS təşkilatına mümkün qədər təzyiq göstərməsini tələb edirəm" deyib.

Şura belə bir addım atmaq üçün qərar qəbul etməlidir. Hazırda ABŞ, Böyük Britaniya və Yaponiya da daxil olmaqla, bir neçə şura üzvü öz daxili qanunları ilə HƏMAS-ı terror qruplaşması kimi tanıyıb.

Katz BMT Baş katibinin xüsusi nümayəndəsi Pramila Pattenin münaqişə zamanı cinsi zorakılığa dair hesabatını müzakirəsi məqsədi ilə Birləşmiş Ştatlar, Fransa və Britaniyanın tələbilə 15 üzvlü Təhlükəsizlik Şurasının iclasında çıxış edib.

Patten və doqquz texniki ekspertdən ibarət qrup yanvarın 29-dan fevralın 14-dək İsraildə iki həftəlik missiya keçirib və HƏMAS-ın 7 oktyabr terror hücumlarının qurbanlarına qarşı cinsi zorakılıq, o cümlədən zorlamalar həyata keçirdiyinə dair “aydın və inandırıcı məlumat” əldə edib.

Həmin gün ən azı 1200 adam öldürülüb, bəziləri ölümlərindən əvvəl cinsi zorakılığın qurbanı olub.

Pattenin hesabatında əsirlikdə olan girovlara qarşı belə zorakılığın davam edə biləcəyi qənaətinə gəlinib.

Katz HƏMAS və digər militant qrupları tərəfindən saxlanılan qalan girovlar haqqında deyib: “Bu gün Təhlükəsizlik Şurasının üzvlərindən hər birinizin 134 günahsızın həyatını xilas etmək imkanı var. Bununla siz dünyaya Təhlükəsizlik Şurasının bütün insanlar üçün ədalətin və ümidin parlaq işığı ola biləcəyini göstərəcəksiniz. Bu, sizin əlinizdədir”.

Yanvarda xarici işlər naziri olduqdan sonra ilk dəfə BMT-də olan Katz BMT-ni HƏMAS-ın hərəkətlərinə "çox uzun müddət" susduğuna görə tənqid edib: "BMT amansız cinayətlərinə görə HƏMAS-ı heç vaxt pisləməyib”.

Təhlükəsizlik Şurası rəsmi bir bəyanat verməsə də, şura üzvlərinin əksəriyyəti açıq iclaslarda 7 oktyabr hücumlarını tək-tək və dəfələrlə pisləyiblər.

Baş katib Antonio Quterreş, Baş Assambleyanın prezidenti və təşkilatın yüksək vəzifəli şəxsləri də hücumları qınayıb.

Bazar ertəsi günü Quterreş həm mətbuat, həm də qadınların hüquqlarını müzakirədi üçün toplaşan yüzlərlə nümayəndənin görüşündə girovların dərhal və qeyd-şərtsiz azad edilməsi çağırışını təkrarlayıb. O, həmçinin İsrailin etiraz etdiyi təcili atəşkəs çağırışını təkrar edib.

Terror hücumlarından sonra İsrail rəsmiləri Birləşmiş Millətlər Təşkilatını, onun UNRWA kimi tanınan fələstinli qaçqınlara yardım agentliyini və Quterreşin özünü çox tənqid edir.

Katz bazar ertəsi BMT Baş katibi ilə görüşməyib və ona sərt məktub göndərib.

Həmin məktubda İsrailin xarici işlər naziri Quterreşi vəzifədə olduğu müddətdə BMT-nin antisemitizm və anti-İsrail təhrikinin mərkəzinə çevrilməsinə yol verməkdə” ittiham edib.

Forum

XS
SM
MD
LG