Accessibility links

Yuliya Navalnaya Qərbi Vladimir Putini legitim lider kimi tanımamağa çağırıb


Ötən ay Rusiya həbsxanasında dünyasını dəyişən müxalifət lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya Qərb ölkələrini bu günlərdə keçiriləcək Rusiya prezident seçkilərinin nəticələrini və Rusiya prezidenti Vladimir Putini legitim lider kimi tanımamağa çağırıb.

Çərşənbə günü The Washington Post qəzetində dərc olunan köşə yazısında Navalnaya yazır: "Dünya nəhayət etiraf etməlidir ki, Putin görünmək istədiyi şəxs deyil. O, qəsbkar, tiran, hərbi cinayətkar və qatildir".

Bundan əvvəl Navalnaya və müxalifət tərəfdarları Putini Aleksey Navalnını öldürməkdə ittiham edib. Bunun birbaşa sübutu hələ təqdim edilməyib. Rusiya hakimiyyəti əvvəllər müxtəlif siyasi ittihamlarla uzun müddətə azadlıqdan məhrum edilən Navalnının təbii səbəblərdən öldüyünü iddia edir.

The Washington Post-da köşə yazısı “Putin siyasətçi deyil, quldurdur” başlıqlıdır. Navalnının Rusiyada prezident seçkilərinə bir ay qalmış “Putinin birbaşa göstərişi ilə” koloniyada öldürüldüyü iddiası ilə başlayır.

Yuliya Navalnaya yazır ki, əri uzun illərdir ki, Rusiya prezidentinin mahiyyətindən danışır və indi onun əsas məqamlarını təkrarlamaq istəyir. Navalnayanın sözlərinə görə, Qərbdə bir çox siyasətçilər Putini legitim siyasi lider hesab etməklə yanılırlar, o isə öz ətrafı kimi “quldurdur” və “hakimiyyəti yalnız varlanması üçün əlində saxlayır”.

Navalnaya yazır: “Putinə mafiya qrupunun lideri kimi baxın. Onun fikrincə, Putinin statusu şübhə altına alınsa, onu məğlub etmək və ya “cəzalandırmaq” olar və Putinin legitim prezident kimi tanınmaması Rusiyadakı vətəndaş cəmiyyəti və elitaları üçün mühüm siqnal olacaq.

Navalnayanın təkliflərindən biri də Putinin yaxın adamlarına qarşı sanksiyaların sərtləşdirilməsi və Rusiya hakimiyyətinin minlərlə nümayəndəsi və ya onlarla əlaqəli şəxslərə qarşı yeni sanksiyaların tətbiq edilməsidir.

Navalnaya həmçinin Ukraynanı dəstəkləməyə çağırır və qeyd edir ki, Ukraynada məğlubiyyət Putinin süqutuna səbəb olmayacaq. Ona görə də onun fikrincə, Rusiyanın özündə anti-Putin qüvvələrini dəstəkləmək vacibdir.

O qeyd edir ki, hətta repressiyalara baxmayaraq, Rusiyada bir çox insan Putinə və müharibəyə qarşı çıxmaqda davam edir. Navalnaya qeyd edib ki, ərinin ruslara son müraciəti martın 17-də “Putin əleyhinə günorta” aksiyasında olub.

“Saxtalaşdırılmış seçkilərin nəticələrini tanımayın, Putini legitim prezident kimi tanımayın”, o yazır. O, bundan əvvəl Avropa Parlamentində də oxşar çağırış etmişdi.

G7 ölkələri və Aİ daha əvvəl bəyan etmişdilər ki, onlar Ukraynanın işğal olunmuş ərazilərində səsvermənin nəticələrini tanımayacaqlar. Bu, əvvəllər də olub, xüsusən 2018-ci ildə ilhaq edilmiş Krımda səsvermənin tanınmaması ilə. Lakin bu, Putinin legitimliyinin tanınmasına təsir etməyib.

Forum

XS
SM
MD
LG